...

İƏT ölkələri əmək, məşğulluq, sosial müdafiənin genişləndirilməsini müzakirə edəcək

Cəmiyyət Materials 26 Oktyabr 2015 11:09 (UTC +04:00)
Oktyabrın 28-30-da İndoneziyanın Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin üçüncü konfransı keçiriləcək.
İƏT ölkələri əmək, məşğulluq, sosial müdafiənin genişləndirilməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Oktyabrın 28-30-da İndoneziyanın Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin üçüncü konfransı keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Konfransda Təşkilata üzv ölkələrdə əmək bazarının inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, əməyin mühafizəsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi, inkluziv əmək bazarının yaradılması, qarşılıqlı təcrübə mübadilələrinin aparılması və s. məsələlər müzakirə olunacaq. Habelə tədbir iştirakçıları İƏT ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Təşkilatın Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin təsis sənədləri üzrə müzakirələrin aparılması da konfransın gündəliyindədir.

İƏT əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilən ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Təşkilatın Bakıda Əmək Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülüb. Dövlətimizin başçısı belə bir qurumun yaradılmasının Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində önəmini vurğulayıb. Təşəbbüs konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib və bununla bağlı müvafiq işlərə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti