...

Azərbaycanda tütündən istifadə və fiziki passivliyin 10% azaldılması nəzərdə tutulur

Cəmiyyət Materials 23 Dekabr 2015 19:14 (UTC +04:00)
Azərbaycanda tütündən istifadənin, həmçinin fiziki passivliyin 10 faiz azaldılması nəzərdə tutulur.
Azərbaycanda tütündən istifadə və fiziki passivliyin 10% azaldılması nəzərdə tutulur

Bakı. Trend:

Azərbaycanda tütündən istifadənin, həmçinin fiziki passivliyin 10 faiz azaldılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"da deyilir.

2020-ci il üçün Strategiyanın hədəflərinə 2014-cü illə müqayisədə tütündən istifadənin 10% azaldılması; gündəlik duz istehlakının adambaşına 5 qramadək azaldılması; böyüklər arasında fiziki passivliyin 10%-dək azaldılması; piylənmənin yayılmasında artımın qarşısının alınması; şəkərli diabetin yayılmasının artım tempinin azaldılması; hipertoniya ilə xəstələnmə səviyyəsinin stabilləşdirilməsi və azalma tendensiyasına nail olunması; ilkin səhiyyə səviyyəsində QİX-in müalicəsi üçün əsas dərman preparatları və diaqnostik texnologiyalarla əhalinin ən azı 90%-nin əhatə olunması daxildir.

Strategiyada bildirilir ki, qeyri-infeksion xəstəliklərin (QİX) yaranmasının şərtləndirici amillərinin əksəriyyəti səhiyyə sahəsi ilə bağlı olmadığından bu xəstəliklərlə əlaqədar sağlamlıq göstəricilərinə müsbət təsiri təmin etmək üçün sahələrarası məqsədyönlü tədbirlərin həyata keçirilməsi və əlaqələndirilməsi zəruridir. QİX-in qarşısının alınması və onlara nəzarət üçün nəzərdə tutulmuş büdcə vəsaitindən səmərəli istifadə baxımından da bütün aidiyyəti dövlət orqanlarının planlaşdırma, rəhbərlik, nəzarət və dövlət siyasətinin qiymətləndirilməsi prosesinə cəlb edilməsi ilə yüksəksəviyyəli çoxsahəli mexanizmin yaradılması vacibdir.

Qeyd olunur ki, QİX-in risk amillərinin azaldılması üçün görülən işlərin məqsədi hər kəs üçün sağlam olmaq imkanlarının təmin edilməsi və əhali arasında sağlamlığın qeyri-bərabərliyinin azaldılmasıdır. Buraya çoxsahəli tədbirlər, o cümlədən dövlət səviyyəsində tədbirlərin hazırlanması, ictimaiyyətin səfərbərliyi, ətraf mühitlə bağlı tədbirlər, səhiyyə sisteminin təşkili və xidmətlərin göstərilməsi, qanunvericilik və tənzimləmə üzrə proqramlar daxildir. Strategiya kənd təsərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma, təhsil və idman kimi bir çox sahələrdən həm dövlət, həm də qeyri-dövlət tərəfdaşların (tütün sənayesi istisna olmaqla) cəlb edilməsini tələb edir.

QİX-ə qarşı mübarizənin həyata keçirilməsi üzrə Strategiya, səmərəli profilaktik (ilkin profilaktika, skrininq və yüksək risk qruplarına aid əhali arasında QİX-in erkən aşkarlanması), müalicə, reabilitasiya xidmətlərinin və palliativ xidmətlərin göstərilməsini təmin edir. Yaxşı idarə edilən inteqrasiya olunmuş QİX ilə mübarizə sahəsində xidmətlər səhiyyə sisteminin hər bir səviyyəsində bütün əhaliyə əlverişli, əlçatan və bərabərlik prinsipinə əsaslanan səhiyyə xidmətlərinin göstərilməsini və xəstələnmənin, əlilliyin, vaxtından əvvəl ölümün azaldılmasını təmin edir. QİX üzrə inteqrasiya olunmuş Strategiyanın həyata keçirilməsi, QİX-in uzunsürənliyinə və belə xəstəliklərə nəzarətə xüsusi diqqət yetirməklə səhiyyə sisteminin bütün səviyyələrində tibbi xidmətlərin gücləndirilməsi və əhalinin bu xidmətlərlə hərtərəfli əhatə edilməsinin yaxşılaşdırılması pasiyentlərin sağlamlıq hüquqlarını təmin edir. Büdcə vəsaiti bütün tibb müəssisələrinə QİX-in qarşısının alınması Strategiyasına uyğun olaraq bölünməlidir.

Bildirilir ki, mükəmməl fəaliyyət göstərən səhiyyə informasiya sistemi aparılan siyasətin səmərəliliyinin və proqramların təsirinin qiymətləndirilməsi, QİX-in və onların əsas risk amillərinin dinamikasının izlənilməsi üçün zəruri vasitələri təmin etməklə, bu xəstəliklərə qarşı mübarizəyə yönəldilmiş tədbirlərin həyata keçirilməsi prosesini gücləndirir. Bu sahədə aparılan tədqiqatlar QİX-in qarşısının alınması və onlara nəzarət üçün gender, yaş və digər sosial amillərə əsaslanan siyasətin gücləndirilməsi üzrə ən düzgün qərarların qəbul olunmasına imkan yaradır. Belə bir informasiya sisteminin əsasının qoyulması və fəaliyyətinin təmin edilməsi üçün ictimai səhiyyə sahəsində aparılan tədqiqatlara kifayət qədər maliyyə vəsaiti ayrılmalıdır.

Strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli, zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir. Monitorinq və qiymətləndirmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar edilməsi, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatları təmin etməlidir.

Bu Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri həm səhiyyə sisteminin, həm də digər aidiyyəti dövlət qurumlarının hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətlərini, onların reallaşdırılması üçün keçiriləcək tədbirləri, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir. Strategiyanın icrasının gedişi barədə Azərbaycan Səhiyyə Nazirliyi ildə iki dəfə Nazirlər Kabinetinə hesabat təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti