Bakı. İlhamə İsabalayeva - Trend:
Dünyada iqtisadi böhranın olduğu bir şəraitdə Azərbaycan Prezidenti tərəfindən elm və elmi tədqiqat, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılmasını dövlətin bu sahəyə göstərdiyi ən böyük qayğı kimi dəyərləndirmək olar.
Bunu Trend-ə Azərbaycan Milli Elımlər Akademiyasının həqiqi üzvi, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı deyib.
Onun sözlərinə görə, son vaxtlar müavinətlərin, əməkhaqlarının, eləcə də dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat, təhsil müəssisələrində çalışan işçilərinin maaşlarının orta hesabla 10 faiz artırılması Prezidentin əhalinin sosial rifahının yüksəldilməsi sahəsində yalnız müsbət addımlar atdığını bir daha göstərdi: "İndi bütün dünyada böhrandır. Prezidentin bu qayğısı olmasaydı, ola bilsin, vəziyyət daha pis nəticələnərdi. Bu, ümumiyyətlə, təkcə alimlərə deyil, bütün xalqımıza göstərilən dəyərdir".