...

Korrupsiya üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanıb

Cəmiyyət Materials 5 Fevral 2016 18:43 (UTC +04:00)
Korrupsiya faktları üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanıb.
Korrupsiya üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanıb

Bakı. Trend:

Korrupsiya faktları üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanmasında iştirak etmiş korrupsiya şəbəkəsi üzvlərinin qanunsuz əməllərinin ifşa edilməklə barələrində qısa müddətdə qanunamüvafiq tədbirlərin görülməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.

Kollegiya iclasında yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, istehlak məhsullarının qiymətlərinə ciddi şəkildə nəzarət etmək, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması ilə barədə Dövlət başçısı verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.

Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilməklə yol verilmiş qanunsuz hallara qarşı ən sərt mübarizə tədbirləri davam etdirilir. Həmin dövrdən etibarən süni qiymət artımı ilə əlaqədar Baş İdarə tərəfindən 12 cinayət işi başlanmaqla hazırda istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti