Bakı. İlhamə İsabalayeva - Trend:
Pirat "Windows"dan istifadə etmək kompüterinizi və şəxsi məlumatlarınızı təhlükə qarşısında qoyur. Buraya kompüterin gec yüklənməsi və ləng işləməsi, poçt və sosial şəbəkələrə giriş imkanının itirilməsi, fırıldaqçılığın qurbanı olmaq, əhəmiyyətli məlumatlar saxlanılan faylların itirilməsi kimi ciddi risklər daxildir.
"Microsoft-Azərbaycan" şirkətindən qeyd edilib ki, pirat "Windows"dan istifadə zamanı kompüterinizin sürəti 56% azalır. Bu zaman şəxsi məlumatlar oğurlanır, çünki hər səkkizinci pirat diskdə parollar və şəxsi məlumatların oğurlanması üçün istifadə oluna bilən gizli proqram kodu var. Eyni zamanda, pirat proqram təminatına quraşdırılmış casus proqramları bank hesabları, o cümlədən bank kartlarının məlumatları, telefon nömrələrini, pasport məlumatlarını toplaya və fırıldaqçılara göndərə bilir. Pirat "Windows"dan istifadə viruslara yoluxma və xəta risklərini də xeyli artırır. Buna görə də "Microsoft-Azərbaycan" orijinal proqram təminatına üstünlük verməyi tövsiyə edir. Həmçinin qeyd edilir ki, pirat proqram təminatının istifadəsi və yayılması Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında qanunun pozulması deməkdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) Trend-ə bildirilib ki, piratçılıq intellektual mülkiyyət hüquqlarının pozulması formalarından biridir. Bu hüquq pozuntusundan zərər çəkənlər arasında elmi-texniki fəaliyyətlə məşğul olanlar xüsusi yer tutur. Belə ki, elmi-texniki fəaliyyətin nəticəsi olan müxtəlif kitablar, proqram təminatı vasitələri gəlir əldə etmək məqsədi ilə müasir İKT vasitələrinin köməyi ilə asanlıqla nüsxələnərək satışa çıxarılır.
İnstitut hesab edir ki, piratçılıqla effektli mübarizə aparmaq üçün, ilk növbədə, zəruri hüquqi əsaslar olmalıdır. İkincisi, müvafiq hüquqi əsasların təminatçısı kimi etibarlı texnoloji baza formalaşmalıdır.
Üçüncüsü, piratçılığın səviyyəsinin azaldılmasında qiymət siyasəti mühüm rol oynayır: "Xüsusilə əhalinin həyat səviyyəsinin aşağı olduğu ölkələr piratçılıqla mübarizə aparmaqda o qədər də maraqlı deyillər. Çünki pirat məhsullarını əldə etmək çox ucuz, bəzi hallarda isə pulsuz başa gəlir. Lisenziyalı proqram təminatlarının qiyməti isə yoxsul ölkələr üçün əlverişli deyil. Ona görə də proqram təminatı istehsalçıları güzəştli qiymət siyasəti həyata keçirməlidirlər ki, piratçılıq halları minimuma ensin".
İTİ-dən vurğulanıb ki, piratçılıq heç də hamı tərəfindən hüquq pozuntusu kimi qəbul edilmir: "Hazırda dünyanın 54 ölkəsində 64 pirat partiyası yaradılıb, yaxud yaradılma prosesindədir. Bu siyasi partiyaların, ümumilikdə, 600 mindən çox tərəfdarı var (Mənbə: http://www.piratetimes.net). Onların məqsədi intellektual mülkiyyətə dair mövcud qanunvericilik sistemlərində islahatlar aparılmasına, informasiya məhsullarının qeyri-kommersiya məqsədi ilə sərbəst şəkildə mübadilə edilməsinə nail olmaqdır".