Bakı. Trend:
İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu mərkəzi "Heydər məscidi" dini icmasında Milli-mənəvi dəyərlərimiz və müasirlik layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərin təbliğində və radikalizmə qarşı mübarizdə din xadimlərinin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov, İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mirzağa Hümbətov, Sabirabad rayonu mərkəzi "Heydər məscidi" dini icmasının sədr müavini Yusif Bağırov, QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon mərkəzi "Heydər məscidi" dini icmasının üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov dini radikalizm, dini ifratçılıq və dini ekstremist şəxslər və onlarla ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparılması barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. O dini radikalizmin fəsadlarından, ənənəvi İslam dəyərlərinin radikal və ekstremist düşüncədən uzaqlaşmadakı rolu, həmçinin, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirməkdə dindarların və din xadimlərin rolundan danışıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.