...

Akif Çovdarovun cinayət işi üzrə məhkəmə baxışı noyabrın 14-nə təyin edildi (YENİLƏNİB-2)

Cəmiyyət Materials 10 Noyabr 2016 16:10 (UTC +04:00)
A.Çovdarov həkim nəzarətində məhkəməyə xərəkdə uzanmış vəziyyətdə gətirilib.
Akif Çovdarovun cinayət işi üzrə məhkəmə baxışı noyabrın 14-nə təyin edildi (YENİLƏNİB-2)

İlk xəbər saat 12:10-da yayılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, digər təqsirləndirilən şəxslər məhkəməyə gətirilsələr də, A.Çovdarov səhhətində olan problemlərlə əlaqədar məhkəməyə gətirilməyib. Hazırda həkimlər onu müayinə edirlər. Bununla bağlı iclasda fasilə elan edilib.

Fasilədən sonra təqsirləndirilən şəxs A.Çovdarov həkim nəzarətində məhkəməyə xərəkdə uzanmış vəziyyətdə gətirilib.

Vəkil Kamandar Nəsibov jurnalistlərə açıqlamasında bildirib ki, prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətləri təmin edilməyib. İclasda zərərçəkmiş şəxs Mübariz Məmmədov adının zərərçəkmiş şəxslərin siyahısından çıxarılmasını istəyib və iş üzrə zərər çəkmədiyini deyib. Məhkəmə həmin vəsatəti də təmin etməyib.

Prosesdə iş üzrə hazırlıq iclası yekunlaşıb və məhkəmə baxışı noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - A.Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədrov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti