...

Akif Çovdarov aclıq aksiyasını niyə dayandırdı?

Cəmiyyət Materials 5 Dekabr 2016 17:15 (UTC +04:00)
İclasda Akif Çovdarovun barəsində ekspertizanın keçirilməsi müzakirə olunub.
Akif Çovdarov aclıq aksiyasını niyə dayandırdı?

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi günün ikinici yarısında da davam edib.

Trend-in məlumatına görə, iclasda A.Çovdarovun barəsində ekspertizanın keçirilməsi müzakirə olunub. Vəkil Sadiq Rəsulov jurnalistlərə bildirib ki, onlar yenidən ekspertizanın təyin edilməsini istəyiblər. Onun sözlərinə görə, ötən məhkəmə iclasında qaldırdıqları vəsatətə ekspertiza rəy verib: "Rəyə əsasən, Akif Çovdarovun səhhəti ilə bağlı ekspertizanın keçirilməsi mümkün deyil. Müvəkkilim 40 gündən artıqdır ki, aclıq aksiyası keçirir. Həkimlər bildiriblər ki, ekspertiza aparmaq üçün onun orqanizimi normal olmalıdır. Buna görə məhkəmə 15 gün vaxt verib. Bu müddət ərzində Akif Çovdarovun səhhəti yaxşılaşandan sonra tibbi ekspertiza aparılacaq".

S.Rəsulov A.Çovdarovun aclıq aksiyasını dayandırdığını bildirib: "Bu barədə Bakı İstintaq Təcridxanasına da rəsmi müraciət göndəriləcək".

Növbəti proses dekabrın 19-na qədər təxirə salınıb.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan onun barəsindəki həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı sentyabrın 5-də baxılmaq üçün məhkəməyə göndərilib. Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti