...

Əbülfəs Qarayev: Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq

Cəmiyyət Materials 27 Dekabr 2016 17:11 (UTC +04:00)
Azərbaycan mədəniyyəti günlərinin İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində təşkil olunması planlaşdırılır.
Əbülfəs Qarayev: Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq

Bakı. Trend:

Dekabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Ə.Qarayev Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini deyib. Bildirib ki, ölkələrimiz arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir: “Azərbaycan və İran arasında qədim tarixə malik münasibətlər bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”.

Nazir son illər ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib. Bildirib ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

Ə.Qarayev ölkəmizə gələn turistlərin sayında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini diqqətə çatdırıb. Xüsusilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərlərinin əvvəlki illərə nisbətən daha da artdığını vurğulayıb: “Gələn il həm Novruz bayramı ərəfəsində, həm də sonrakı dövrlərdə Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq. Çünki ölkəmizdə turizm sahəsində bir sıra ciddi yeniliklər gözlənilir. Eyni zamanda keçirəcəyimiz “shopping festival”ları da İrandan gələcək turistlər üçün maraqlı ola bilər”.

Nazir 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini qeyd edib. Bildirib ki, Azərbaycan mədəniyyəti günlərinin İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində təşkil olunması planlaşdırılır.

Ə.Qarayev gələn ilin may ayında ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İran nümayəndə heyətini daha fəal iştiraka dəvət edib.

M.Vaezi də öz növbəsində, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsində Prezident İlham Əliyev və Həsən Ruhaninin rolunu xüsusi qeyd edib: “Prezidentlər arasında olan dostluq ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına müsbət təsir göstərir. Tarixi, mədəni və dini birliyin olması Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verir. İnanıram ki, qarşıdakı illərdə əlaqələrimiz daha da güclənəcək”.

Digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayan qonaq İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti