...

Əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçımızın ölümündən 20 il ötdü

Cəmiyyət Materials 10 Aprel 2017 18:00 (UTC +04:00)
Əsir düşməmək üçün özlərini partladan xüsusi təyinatlı 7 kəşfiyyatçımızın ölümündən 20 il ötdü.
Əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçımızın ölümündən 20 il ötdü

Bakı. Trend:

1997-ci ilin 10 aprel tarixində düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayaraq sona qədər döyüşüb şəhid olan 7 xüsusi təyinatlı döyüşçümüzün ölümünün 20 illiyidir.

Aprelin 10-da Qarabağ Qaziləri İctimai Birliyinin, hərbi ekspert, polkovnik Xətai Baxışovun və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə şəhid kəşfiyyatçıların xatirəsi anılıb.

Əvvəlcə şəhid kəşfiyyatçıların ailə üzvləri, silahdaşları, millət vəkilləri, Müdafiə Nazirliyinin rəsmiləri, Qarabağ döyüşçülərinin, generalların, yazıçıların, şairlərin, rejissorların, sənət adamlarının, QHT təmsilçilərinin iştirakı ilə şəhidlərimizin II Fəxri xiyabandakı məzarları ziyarət edilib.

Məlumat üçün bildirək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birinci qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət qrupun 7 üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə qərarı da çıxarır. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Xatırladaq ki, onların hər birini mərhum Prezident Heydər Əliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib:

- Leytenant Ağayev Elxan Ataxan oğlu;
- Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu;
- Çavuş Rzayev Anar Üzeyir oğlu;
- Çavuş Mustafayev Dinar İbrahim oğlu;
- Çavuş Həsənov Aqşin Əli oğlu;
- Çavuş Ələkbərov Nizami Səfi oğlu;
- Çavuş Cavadov Fariz Şamil oğlu.

Daha sonra “Qurd qapısı” yaxınlığındakı Mərasim evində şəhid kəşfiyyatçıların anım tədbiri keçirilib.

Tədbirin aparıcısı Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnlılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı idi.

Tədbir jurnalist Teymur Zahidoğlunun hazırladığı 16 dəqiqəlik “Kəşfiyyatçılar” sənədli filminin təqdimatı ilə başladı.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli çıxış edərək 8 qəhrəman kəşfiyyatçı haqqında danışdı. Bildirdi ki, necə ki, bizim bu 8 kəşfiyyatçımız birləşib bir ürək ola bildilər. Eləcə də, aprel hadisələri də göstərdi ki, bu qəhrəmanlıqlar davamlıdır. O, kəşfiyyatçılara rəhmət dilədi.

Şəhid kəşfiyyatçılardan Aqşin Həsənovun anası Xanım ana çıxışında qeyd etdi ki, şəhid analarlının ürəyi yoxdur: “Bizim ürəyimiz qara bir parçadır. Yaxşı olardı ki, bu 7 qardaş kəşfiyyatçı haqqında film çəkiləydi, kitablar yazılaydı, onlara poema ithaf olunaydı. Bu 7 kəşfiyyatçının 1 qardaşı var, o da Aqil Əhmədovdur ki, sağ qalıb. Onun səhhətindəki problemlərin aradan qaldırılmasını arzulayırıq”.

Sonra Xanım ana tədbirin təşkilatçılarına şəhid analarının və yaxınlarının adından dərin minnətdarlığını bildirdi.

Sağ qalan kəşfiyyatçı Aqil Əhmədov da öz növbəsində, şəhid olmuş döyüşçü yoldaşlarını həmişə hörmətlə anacağını bildirdi və tədbir təşkilatçılarına təşəkkür etdi.

Millət vəkili Flora Qasımova şəhid analarına səbr diləməklə sözə başladı: “Deməyin ki, şəhid analarının ürəyi yoxdur. Bizim övladlarımız şəhid olanda demirik ki, niyə mənim oğlum öldü. Deyirik ki, Vətən, başın sağ olsun! Bizim erməni analarından fərqimiz də məhz budur”.

Millət vəkili Qənirə Paşayeva öz çıxışında 8 kəşfiyyatçının qəhrəmanlığından söz açdı. O, daim şəhid ailələrinin, Qarabağ qazilərinin yanında olduğunu dilə gətirdi: “Biz fəxr edirik ki, bu Vətənin belə oğulları var. Mən onları böyüdən anaların qarşısında baş əyirəm. Mən o şəhidlərin ruhu qarşlısında baş əyirəm”.

Daha sonra Ali Baş Komandanın şəhid ailələrinə və Qarabağ qazilərinə diqqət və qayğısından danışan millət vəkili kəşfiyyatçılardan sağ qalan Aqil Əhmədovun müalicəsi ilə yaxından məşğul olacaqlarına söz verdi: “Mən maraqlanmışam, Aqil Əhmədovun sənədləri Türkiyənin Gülhanə Xəstəxanasındadır. Yəqin ki, tezliklə o məsələ ilə məşğul olacağıq”.

Millət vəkili Adil Əliyev də Azərbaycan oğullarının mübarizliyindən söz açdı. O da həmin döyüşdən yeganə sağ çıxan Aqil Əhmədovun müalicəsi ilə məşğul olacağını bildirdi.

Yazıçı-dramaturq Əli Əmirli öz çıxışında bildirdi ki, bu qəhrəmanlıqlar haqqında film çəkmək lazımdır.

Tədbirin aparıcısı Şəmistan Əlizamanlı da öz növbəsində, kəşfiyyatçılara hərbi marş yazacağını qeyd etdi.

Tədbirdə, həmçinin Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli, millət vəkilləri Aqil Abbas, Zahid Oruc, Elman Məmmədov, generallar - Məmmədhüseyn Sarıyev, Qabil Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarə rəisi polkovnik Qəşəm Mahmudov, Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred) adına Fondun sədri Ədalət Məhərrəmov, 20 Yanvar şəhidləri İlham və Fərizənin ailə üzvü Elxan Allahverdiyev, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Mehdi Mehdiyev, hərbi jurnalistlər – Üzeyir Cəfərov və İbrahim İbadoğlu da iştirak edirdilər.

Tədbirin rəsmi hissəsi bitəndən sonra 7 kəşfiyyatçının ehsan süfrəsi açıldı. Din nümayəndəsinin iştirakı ilə şəhidlərimizin ruhuna dualar oxundu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti