...

Avropa Qarabağın kimə məxsus olduğunu daha yaxşı anlayacaq

Cəmiyyət Materials 24 Avqust 2017 13:35 (UTC +04:00)
"Qarabağ" tarixi matça Füzuli və Cəbrayıl rayonlarının işğalının 24-cü ildönümündə çıxır. Mən təsadüflərə inanmıram...”
Avropa Qarabağın kimə məxsus olduğunu daha yaxşı anlayacaq

Bəxtiyar Hacıyev – Trend:

"Qarabağ" tarixi matça Füzuli və Cəbrayıl rayonlarının işğalının 24-cü ildönümündə çıxır. Mən təsadüflərə inanmıram...”

Ötən günə məhz bu sözlərlə, bu hisslərlə başladım və axşamkı tarixi oyunu səbirsizliklə, qələbəyə inamla gözlədim. Həqiqətən də təsadüf deyilən şey yoxdur və “Qarabağ”ımız təsadüf nəticəsində deyil, illərlə gərgin mübarizə apararaq, döyüşərək bu uzun yolu qət etdi və Azərbaycan futbolu tarixində ilk dəfə olaraq, dünyanın ən nüfuzlu, baxımlı turnirlərindən biri olan UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

Oyun haqqında, oyun zamanı keçirdiyimiz gərginlik və həyəcan barədə, matçdan sonra Bakı küçələrində əsl bayram ab-havasının yaşanması, hədsiz-hüdudsuz sevinc və s. ilə bağlı yazmağa ehtiyac yoxdur, çünki həmin gün hamı eyni hissləri yaşadı, sevincini böldü, hamını qəhər boğdu. Qəhərlənməmək mümkün deyil axı... Həqiqətən də bir azarkeş kimi biz belə qələbələrə çox acıq, çox möhtacıq!

Təqribən 20 il əvvəl ilk dəfə Çempionlar Liqasının oyunlarına tamaşa edəndə heç ağlımdan da gəlməzdi ki, nə vaxtsa bu möhtəşəm turnirdə hansısa Azərbaycan klubu iştirak edəcək. 20 il əvvəl hansısa xarici kluba azarkeşlik edib "qurdumuzu öldürürdük". Amma indi Liqada bizim də öz klubumuz - "Qarabağ"ımız var. Vaxtilə xəyalımıza belə gətirmədiklərimiz bu gün reallığa çevrilir. Ölmədik, bu günü də gördük!

5 il əvvəl Azərbaycan futbolu tarixində ilk dəfə olaraq “Neftçi” qitənin ikinci ən nüfuzlu yarışı olan Avropa Liqasının qrup mərhələsinə yüksələndə qəlbimizdə bir ümid yaranmışdı. Necə deyərlər, “Neftçi”nin də ayağı düşərli oldu. Sonrakı illərdə “Qarabağ” və “Qəbələ”nin ardıcıl Avropa Liqasına çıxması isə əslində yaxın gələcəkdə Çempionlar Liqası oyunlarını da Bakıda canlı izləyəcəyimizə (kaş Ağdamda izləyərdik...) işarə idi. Təbii ki, bu ardıcıl uğurların arxasında dövlətin idman sahəsinə, o cümlədən futbola diqqəti də dayanır. Təsadüfi deyil ki, Azərbaycan nadir ölkələrdəndir ki, dövlət başçısının sərəncamı ilə futbolun inkişafına dair Dövlət Proqramı qəbul edilib.

Bir məqamı da unutmamalıyıq ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Belə ki, dünyanın bir çox ölkələrində canlı yayımlanacaq bu oyunlarda ("Qarabağ" ən azı 6 oyun keçirəcək) QARABAĞ, AĞDAM, AZƏRBAYCAN yazılarının getməsi, şərhçilərin debütant və ölkəmiz haqqında məlumat verməsi, minlərlə, milyonlarla tamaşaçının “Qarabağ”ın məhz Azərbaycana məxsus olduğunu eşitməsi bizim bu yolda daha bir qələbəmiz olacaq! Bu, həm də Azərbaycanın geniş mənada təbliği deməkdir. Beləliklə, “Qarabağ”ın uğurlu çıxışı, tarix yazması sayəsində bir yox, bir neçə vacib işin öhdəsindən gəlirik.

Ağdam təmsilçisinin bu tarixi naliyyəti özümüzə inam hissini gücləndirdi. Həqiqətən də biz əl-ələ verib mümkünsüz görünən bir çox şeyləri mümkün edə bilərik, necə ki edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti