...

"Elm aylığı" UNEC-də elmi tədqiqatların keyfiyyətini daha da artıracaq (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2017 11:26 (UTC +04:00)

Bakı. Trend:

UNEC-də ənənəvi “Elm aylığı”na start verilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, “Elm aylığı”nın ilk günündə rektor, professor Ədalət Muradov bildirib ki, məqsəd elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və fikir mübadiləsi aparmaqdır.

UNEC-də bu istiqamətdə mühüm addımlar atıldığını, nailiyyətlər əldə edildiyini diqqətə çatdıran rektor, alimlərin tədqiqatlarını ictimai müzakirəyə çıxarması məqsədilə yaradılan diskurs.az virtual iqtisadi forumu, eləcə də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanan “UNEC Ekspert” jurnalından bəhs edib.

Ə.Muradov bildirib ki, UNEC-də ixtisas sahələri üzrə 5 tədqiqat mərkəzi yaradılıb ki, burada Avropa, eləcə də İslam iqtisadiyyatı üzrə araşdırmalar aparılır. Eyni zamanda Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur, elmi müzakirələr keçirilir. UNEC alimləri Azərbaycanda ilk dəfə olaraq regionda ən böyük layihə olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə Almaniya universitetlərində tədqiqat təcrübəsində iştirak ediblər. Differensial Əməkhaqqı Sistemində müəllimlərin reytinqini müəyyən etmək üçün elmi fəaliyyətə 40 % yer verildiyinə diqqət çəkən rektor, UNEC-də elmi nəşrlərin sayının son 3 ildə 2,5 dəfə, xaricdə çap olunan məqalələrin isə 3,6 dəfə artdığını vurğulayıb.

UNEC rektoru universitetdə elmi tədqiqatların keyfiyyətinin daha da artırılması istiqamətində elm günlərinin əhəmiyyətli olacağını bildirib.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Stratejı Yol Xəritəsi -Elm-təhsil-innovasiya formatına keçid: dünya təcrübəsi və UNEC-də tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Elmi-tədqiqat universitetinin vəzifələrindən danışan professor həmin universitetlərin əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsinin dayandığını qeyd edib. Professor bildirib ki, “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda Bakı Bəyannaməsi qəbul edilib. UNEC rektorunun rəhbərliyi ilə yaradılan işçi qrupu universitetlərdə elmi fəaliyyətin səmərəli idarəedilməsi, dünya təcrübəsinin öyrənilməsi istiqamətində təkliflər hazırlayaraq, Təhsil Nazirliyinə təqdim edəcək.

Tədbirdə UNEC-də elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində təkliflər səsləndirilib. Bildirilib ki, universitetdə pedaqoji heyətlə tədqiqatçı alimlərin fəaliyyət istiqamətləri ayrılacaq. Bunun üçün tədris proqramlarında köklü dəyişikliklərə ehtiyac var. İqtisadiyyat üzrə Nobel mükafatçılarının dünyanın diqqət mərkəzində olduğu vurğulanaraq, UNEC-də “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. 2017-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Riçard Talerin “Davranış iqtisadiyyatı” kitabının Azərbaycan dilində UNEC-də tərcümə olunması təklif olunub. Növbəti illərdə də UNEC-də iqtisadiyyat üzrə Nobel mükafatçılarının tədqiqatlarının tərçüməsinin həyata keçiriləcəyi bildirilib. Qeyd olunub ki, elmi işlərin təşkili sahələr üzrə təsnifləşdirilməli, elmi tədqiqatların prioritet istiqamətləri müəyyənləşdirilməlidir. Tədbirdə akademik tədqiqatçıların idarəedilməsi, akademik ekspertizanın təşkili barədə də təkliflər səsləndirilib.

“Elm aylığı” çərçivəsində UNEC-də Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının qatılacağı elmi seminar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr təşkil olunacaq. Eyni zamanda, TEDx beynəlxalq konfransının keçirilməsi də UNEC-də təşkil olunan “Elm aylığı”na daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti