...

Azərbaycanda müxtəlif növ yüksək texnoloji tədbirlərin keçirilməsini nəzərdə tutan "Erangel Production" (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Mart 2020 13:48 (UTC +04:00)
"Erangel Production" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin avqust ayında Azərbaycanda müxtəlif növ hi-tech, yəni yüksək texnoloji tədbirlərin keçirilməsi məqsədilə təsis edilib.
Azərbaycanda müxtəlif növ yüksək texnoloji tədbirlərin keçirilməsini nəzərdə tutan "Erangel Production" (FOTO/VİDEO)

Bakı. Trend:

"Erangel Production" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin avqust ayında Azərbaycanda müxtəlif növ hi-tech, yəni yüksək texnoloji tədbirlərin keçirilməsi məqsədilə təsis edilib.

Bu barədə Trend-ə açıqlamasında şirkətin rəhbəri Zaur Orucov bildirib.

Onun sözlərinə görə, yüksək texnoloji tədbirlər dedikdə kiber-idman oyunları, robototexnika, oyun quruculuğu, innovativ ideyalar və müasir dövrün inqilabi yeniliklərinin Azərbaycana gətirilməsi və əsasən gənc nəsil auditoriyamızın önündə təbliğatı nəzərdə tutulur:

“Bununla da əsas məqsədimiz ölkəmizin gənc istedadlarını gün üzünə çıxarmaq, asudə vaxtlarını daha səmərəli keçirmək, dünya görüşlərini artırmaq, gələcəkdə kiber-idman və robototexnika yarışlarında yüksək səviyyədə iştirak üçün komandalar yaradıb ölkəmizin adını dünya hi-tech arenasında tanıtmaqdır. Hal-hazırda sadaladığım məqsədlər üçün tərəfimizdən intensiv şəkildə işlər davam edir və yaxın gələcəkdə ictimaiyyətimiz bütün yeniliklərdən xəbər tutacaqlar”.

Z.Orucov şirkətin layihələri haqqında da danışıb:

“Şirkətimiz planlaşdırdığımız layihələrin həyata keçirilməsi üçün 2 seqmentə bölünüb. Erangel Events və Erangel Gaming”.

“Erangel Events” haqqında danışan şirkət rəhbəri qeyd edib ki, ilk növbədə müasir dövrün qlobal tələblərini nəzərə alaraq Azərbaycan gəncliyinin də çox sevdiyi və həvəslə oynadığı oyun olan Player Unknown’s Battle Ground, yəni PUBG Mobile oyununun ilk etapda böyük miqyaslı Azərbaycan, ikinci etapda isə dünya çempionatının təşkilini planlaşdırırlar:

“Bunun üçün kiber-idman tədbirlərinin dünyaca məşhur təşkilatçısı Starladder Limited şirkətilə müqavilə imzalayıb əməkdaşlığa başlamışıq. Tədbirimizin böyük auditoriya qarşısında və qeyri-adi keçməsi üçün dünya səviyyəli müğənniləri qonaq qismində dəvət etmişik. Çempionatın seçmə mərhələləri 1500 oyunçu ilə Əl Oyunları sarayında, final mərhələsi isə 64 oyunçu ilə Crystal Hall-da 15-20.000 nəfərlik tamaşaçının önündə müasir texnologiyalarla dizayn edilmiş səhnədə keçiriləcəkdir. Tamaşaçılar üçün müxtəlif növ əyləncə zonaları da nəzərdə tutmuşuq. Qalib komanda isə 20.000 manatın sahibi olacaqdır. Bu cür format Azərbaycanda ilk dəfə keçirilir və ikinci etapda eyni formatla dünya çempionatını növbəti il ölkəmizdə keçirəcəyik. Bu həmdə Azərbaycanın inkişaf etməkdə olan turizm sahəsinə də təsir göstərcəkdir. Çempionat Twitch və Youtube Gaming kimi oyun portallarında milyonların önündə canlı yayımlanacaq və ölkəmizin turizm potensialı promo videolarla təbliğ ediləcəkdir. Tədbirimizin keçirilməsinin vacibliyi ölkəmizin idarəetmə orqanları olan Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət Turizm Agentliyi tərəfindən vurğulanmış və dəstəklənmişdir. Çempionatın keçirilməsi tarixi Mart-Aprel ayında nəzərdə tutulmuşdu, lakin məlum qlobal koronavirus problemi ilə üzləşdiyimizə görə vətəndaşlarımızı virusa əlavə yoluxma riskinə atmamaq üçün layihəni Avqust-Sentyabr aylarına ertələmək məcburiyyətində qaldıq. Bununla bağlı ictimaiyyətə əlavə məlumat verəcəyik.

Erangel Events olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənən ikinci layihəmiz hər kəsin maraqla izlədiyi BattleBots, yəni robotların döyüşü yarışıdır. Yarışın əsas məqsədi robot mühəndislərinin müəyyən formatda qurğuladığı robotların xüsusi arenada döyüşərək öz güclərini nümayiş etdirməsidir və dünyada kifayət qədər maraqla izlənir. Amerika Birləşmiş Ştatları istehsalı olan BattleBots hal-hazırda ABŞ-ın müxtəlif ştatlarında baş tutur və dünyaca məşhur Discovery kanalında yayımlanır. 2020-ci ilin fevral ayının sonunda mən Kaliforniya ştatının San-Fransisko şəhərində olarkən BattleBots layihəsinin rəhbərləri görüşlər keçirtdim və bu layihənin Amerikadan kənarda ilk dəfə Azərbaycanda dünya çempionatı olaraq keçirilməsi və həmçinin yarışın Discovery kanalında ölkəmizin təbliği ilə birlikdə yayımlanması haqqında razılıq əldə etdim. Bu yarışı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə birgə innovasiyalar həftəsi çərçivəsində keçirməyi planlaşdırırıq və bu sahədə artıq təşkilati işlərin başlanması üçün layihə rəhbərləri ilə daha detallı danışıqlar prosesini başlatmışıq. Əlbəttə ki, bununla bağlı da əlavə məlumat veriləcəkdir”.

“Erangel Gaming” haqqında da danışan Z.Orucov vurğulayıb ki, Qlobal Oyun Bazarına nəzər yetirsək çox böyük dövriyyə rəqəmləri ilə rastlaşarıq:

“Bəli, bu real rəqəmlərdir. Məsələn, NewZoo analitik portalının reportlarına görə yalnız 2019-cu ildə dünya oyun bazarının 152 milyard ABŞ dolları dövriyyəsi olmuşdur və statistikaya görə bu rəqəm hər il ortalama 9% artmaqdadır. Bu dövriyyədə əsas pay konsol oyunlarına, ikinci yer isə mobil oyunlara aiddir. Bu tendensiyanı, öz gücümüzü və potensiyalımızı nəzərə alıb biz də bu bazarın yeni güclü oyunçularından birinə çevrilmək və bu sıralamada öz yerimizi tutmaq qərarını artıq vermişik. Bunun üçün komanda olaraq böyük ideyalarımız və planlarımız var, hansı ki artıq reallaşdırmağa başlamışıq”,

Şirkət rəhbəri yanvar ayının sonunda Global Game Jam təşkilatı növbəti 2020-ci il tədbirinə start verdi və dünyanın 113 ölkəsində və 900-dan artıq nöqtəsində 40.000 iştirakçı ilə birlikdə həmin an elan olunmuş mövzu ətrafında 48 saat ərzində oyun qurma layihəsini gerçəkləşdirdiyini əlavə edib:

“Biz də öz növbəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən layihənin təşkilinə dəstək verməyimiz üçün dəvət olunduq və həmçinin komandamız ilə birlikdə iştirakçı qismində də layihədə yer aldıq. Azərbaycandan olan komandalar tərəfindən çox maraqlı oyun layihələri hazırlandı və ölkəmizdə oyun quruculuğu sahəsində güclü nəslin yetişdiyi öz təsdiqini tapdı. Bizim 7 nəfərdən ibarət komandamızın 45 saat ərzində sıfırdan yaratdığı oyun isə favoritlərdən biri idi və çox böyük təqdir qazandı. Bu ilin mövzusu “repair”, yəni “bərpa” idi. Bərpa dedikdə bu müxtəlif cür izah oluna bilər. Məsələn, nəyinsə fiziki bərpası, sağlamlığın bərpası, münasibətlərin bərpası və sairə. Yəni fantaziya üçün geniş imkanlar var. Bizim düşündüyümüz mövzu isə, yer kürəsinin günümüzün probleminə çevrilən viruslardan təmizlənərək bərpası idi. Qəhrəmanımız keçmiş xüsusi təyinatlı hərbçi və alim Dr.Renstein öncədən bilinməyən “kanoravirus” daşıyıcısı olan meteoritin yer kürəsi ilə toqquşması nəticəsində parçalanmış evinin hissələrini axtarıb yığaraq bərpa etməli, bu əsnada isə hazırladığı virus əleyhinə maddə tərkibli güllələrlə monstra çevrilən virusları öldürməlidir. 45 saat ərzində komandamız çox gözəl iş görərək bu oyunu sıfırdan yaratdı və gələcək layihələrimizin bünövrəsini qoydu”.

Z.Orucov oyun quruculuğu haqqında da fikirlərini bölüşüb:

“Dediyim kimi artıq 10 nəfərdən ibarət xüsusi biliklərə malik gənc komandamızla artıq ilkin oyun quruculuğu işlərinə start vermişik. Oyunumuzun alfa versiyasını hazırlamaq üçün komandamıza bir neçə yüksək kvalifikasiyalı programçı, bir neçə 3d mütəxəssis və grafik dizaynerlər daxildir. Oyunumuzun alfa versiyası hazır olduqdan sonra komandamızı 50-60 nəfərə çatdıraraq tam versiyasının üzərində işləməyə başlayacağıq. Hazırladığımız oyunun formatı dünya oyun bazarında çox populyar və sevilən, Azərbaycan qurucuları arasında isə ilk təcrübədir. Məqsədimiz dünya oyun arenasına çıxaraq gamerlər arasında çox sevilən və davamlı oynanan layihə hazırlamaq, qlobal reytinqlərdə ön sıralarda yer tutmaq və Azərbaycanın adını oyun industriyasına qızıl hərflərlə yazmaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti