Bakı. Samir Əli - Trend:
Vətəndaşların evdən çıxması üçün sənəd hazırlanır.
Trend-in məlunatına görə bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda həmin sənəd hazırlanacaq və ictimaiyyətə açıqlanacaq:
"Hələlik hazır olmadığından bu sənəd barədə məlumat vermirik. Sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi göstəriləcək".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.