Bakı. Samir Əli - Trend:
Prezident İlham Əliyev gözləmədiyim halda məni sevindirdi.
Bunu Trend-ə açıqlamasında əfv olunan məhkum, 1952-ci il təvəllüdlü Bünyadov Eldar Əliyaqub oğlu deyib.
O bildirib ki, əfv olunacağı ağlına da gəlməyib:
"Cənab Prezident gözləmədiyim halda 8 il cəzamı bağışladı. Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi. Bu sərəncam ailəmi də, məni də çox sevindirdi. Nəvələrim üçün çox darıxırdım. Mən ailəm adından, öz adımdan cənab Prezidentə təşəkkür edirəm".
Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.