...

Gənclər Fondunun Müşahidə Şurasının onlayn iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2020 16:49 (UTC +04:00)
Gənclər Fondunun Müşahidə Şurasının onlayn iclası keçirilib (FOTO)

Bakı. Trend:

7 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2020-ci il üçün ikinci iclası onlayn formatda keçirilmişdir.

Fonddan Trend-ə bildirilib ki, iclasda Fondun Müşahidə Şurasının gündəliyində duran məsələlər müzakirə edilmiş, hazırda Fond tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi”nə 1 may tarixinə qədər daxil olmuş layihə təkliflərinə baxılmışdır. Xüsusi karantin dövrünü gənclər üçün faydalı və əyləncəli etmək məqsədilə elan edilmiş müsabiqə çərçivəsində gənclər “#evdəqal” çağırışına uyğun olaraq, sosial şəbəkələrdə virtual çağırış və təşviqetmə aksiyaları, sosial şəbəkə və paylaşım platformalarında əyləncəli kontentlərin yaradılması, faydalı və maarifləndirici video çarxların hazırlanması və digər onlayn icrası mümkün təşəbbüslərini təqdim etmək imkanı əldə etmişlər. Təqdim edilən layihələr Müşahidə Şurası tərəfindən nəzərdən keçirilərək, seçim meyarlarına cavab verən layihələr müəyyən edilmiş, onların onlayn şəraitdə icra imkanı, icra planı, büdcəsi və icra müddətinin müəyyən edilməsi məqsədilə layihə müəllifləri ilə əlaqə saxlanılması Fonda tapşırılmışdır.

Eyni zamanda, gənclər təşkilatları üçün elan edilmiş 14-cü qrant müsabiqəsinə təqdim edilmiş layihələrin mövcud vəziyyətə uyğunlaşdırılaraq icrası imkanlarının araşdırılması məqsədilə Gənclər Fondu tərəfindən təşkilatlarla müzakirələrin təşkil edilməsinə dair tapşırıq verilmişdir.

İclas zamanı həmçinin, pandemiya dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirakla bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq, könüllü təşkilat və hərəkatları tərəfindən 27 mart tarixində təsis edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyəti ilə bağlı təqdimat keçirilmişdir. Qeyd olunmuşdur ki, hazırda 18 könüllü təşkilatı və hərəkatını özündə birləşdirən Mərkəz, onun üzvləri arasında əlaqələndirməni həyata keçirməklə fəaliyyətin səmərəliliyinin artırılması funksiyasını daşıyır. Üzvlərin qərarına əsasən Mərkəzin katibliyi Gənclər Fondunda yerləşir. Təsis edildiyi dövrdən etibarən AKƏM çərçivəsində “Böyüklərimizi Qoruyaq”, “Könüllü Qonşu” və “Könüllü Donor” aksiyaları ölkənin 50-dən artıq şəhər və rayonunda 4 minə yaxın könüllünün iştirakı ilə keçirilməkdədir. AKƏM-in hazırkı fəaliyyəti əsas etibarilə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən atılan addımlara dəstək vermək, ahıl və kimsəsiz vətəndaşlara yardım etmək, bu sahədə dövlət qurumlarına köməklik göstərməkdən ibarətdir.

Gənclər Fondunun Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda təhsillərini davam etdirən tələbələrlə bağlı müzakirələrdə bildirildi ki, Fond tərəfindən tələbələrlə mütəmadi əlaqə saxlanılır və onların təhsil prosesi yaxından izlənilir. Xaricdə Təhsil Proqramı çərçivəsində ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil alması dövlət tərəfindən dəstəklənir.

İclasda COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı 10 aprel 2020-ci il tarixində Fond və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə icrasına başlanılmış “Gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə” layihəsi ilə bağlı təqdimat keçirilmişdir. Qeyd olunmuşdur ki, layihə çərçivəsində sosial platformalardan istifadə etməklə müxtəlif tipli media məhsulları vasitəsilə ictimaiyyətin maarifləndirilməsi, habelə sosial təcrid vəziyyətində mümkün psixoloji gərginliyin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, təlim materiallarını yaymaqla təhsilin davam etdirilməsi, gənclər üçün multimediya məzmunlu əyləncə, karantin zamanı valideynin davranış qaydaları haqqında məlumatlandırma və s. proqramlar həyata keçirilir.

İclasda post-pandemiya dövründə Gənclər Fondunun fəaliyyətinin əsas istiqamətləri üzrə də müzakirələr aparılmışdır. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, karantin rejiminin tətbiqi nəticəsində zərər çəkən əhali qruplarının və biznes sahələrinin müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət qurumları tərəfindən təsirli tədbirlərin həyata keçirilməsinin bu dövrün tezliklə başa çatacağına, ölkəmizin sosial-iqtisadi inkişafının əvvəlki templərlə davam edəcəyinə əminlik yaratdığı qeyd olunmuş və Gənclər Fondunun gələn aylar üçün fəaliyyət planında bu amilin nəzərə alınması zərurəti vurğulanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti