...

Komitə: Pandemiya dövründə ailə münaqişələrinin sayında qismən artım müşahidə edilir

Cəmiyyət Materials 16 May 2020 09:30 (UTC +04:00)
Komitə: Pandemiya dövründə ailə münaqişələrinin sayında qismən artım müşahidə edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda pandemiya dövründə ailə münaqişələrinin sayında qismən artım müşahidə edilir.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində komitəyə 73 müraciət daxil olub ki, onların da əksəriyyəti məişət zorakılığı ilə bağlı olub.

Pandemiya dövründə bütün dünyada məişət zorakılığı faktlarının sayının artdığını söyləyən T.İbrahimova BMT-nin baş katibi Antonio Quterreşin bununla bağlı ölkələrə müraciət etdiyini də xatırladıb:

“Baş katib bununla bağlı verdiyi bəyanatında bildirib ki, ölkələr məişət zorakılığından zərərçəkənlərin təhlükəsizliyi və onlara operativ şəkildə xidmətlərin göstərilməsi üçün işləri gücləndirsinlər. Bununla əlaqədar komitə tərəfindən də dövlət orqanlarına müraciət edilib ki, zorakılıqdan zərərçəkənlərlə bağlı işləri gücləndirsinlər, lazımı operativ tədbirlər həyata keçirsinlər”.

T.İbrahimova Azərbaycanda ailə münaqişələrinin müxtəlif səbəblərdən yarandığını söyləyib:

“Ailədə əsasən, narkotik, alkoqol istifafəçisi olan şəxs olduqda belə hallar daha çox baş verir. Həmçinin məişət məsələləri, xəyanət, qadınların hüquqlarının məhdudlaşdırılması və sosial problemlər səbəbindən də münaqişələr baş verir. Namus cinayətlərinin sayı çox olmasa da, bu da ailə münaqişələrinin baş verməsi üçün bir səbəb sayılır. Boşanma prosesi dönəmində olan ailələrdə, hətta boşanmadan sonra da qadına təzyiqin göstərilməsi ilə bağlı bir çox müraciətlər olur. Komitəyə daxil olan müraciətlərdən görürük ki, münaqişəli ailələrdə çox uzun müddət zorakılığa məruz qalma halları baş verdikdən sonra nikaha xitamın verilməsi üçün müvafiq orqanlara müraciətlər edilir. Boşanmaların səbəbləri müxtəlif olsa da, səbəb kimi əsasən xasiyyətlərin uyğunsuzluğu göstəririlir. Məişət zorakılığı isə boşanma səbəbləri arasında 3-cü yerdədir”.

Ailə münaqişələrinin müxtəlif səbəblərdən qaynaqlandığını deyən “Təmiz dünya ” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə Trend-ə bildirib ki, bu münaqişələrin yaranmasına hər zaman kişilər səbəb olmur. Bəzən qadın tərəfindən kifayət qədər diqqətin göstərilməməsi, ailədəki psixoloji məqamlar, qadının müəyyən ifadələr, xüsusən də söyüş işlətməklə kişini zorakılıq törətməyə təhrik etməsi də zorakılıq hallarının baş verməsinə səbəb olur:

“Doğrudur, heç kim heç kimə qarşı zorakılıq törətməməlidir. Amma bəzən qadınların özləri zorakılığın baş verməsi üçün münbit şərait yaradırlar”.

M.Zeynalova hesab edir ki, psixoloji faktorlar, kənar müdaxilələrin edilməsi də ailələrdə münaqişələrin yaranmasına səbəb olur:

“Ailə münaqişələrinin əksəriyyətində kənar müdaxilə amili mühüm rol oynayır. Bundan əlavə, iqtisadi amillər münaqişlərin baş verməsinə səbəb olsa da, o qədər böyük rol oynamır. Eyni zamanda, qısqanclıq, sosial şəbəkələrdən istifadə də münaqişələrin yaranmasına təsir göstərir".

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və COVID-19-la verdiyi bəyanatında qadınların təcrid və karantinin ağır təsirlərindən artıq əziyyət çəkdiklərini söyləyib.

O bildirib ki, yoluxma ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər labüddür, lakin bu vəziyyət şiddət nümayiş etdirən şəxslə birgə bağlı qapı arxasında qalan qadınlara qarşı zorakılıq riskini artırır: “Son həftələrdə qlobal səviyyədə məişət zorakılığının həyəcan doğuran sürətlə artımı müşahidə olunub. Misal üçün, İngiltərənin ən böyük dəstək xidməti müraciətlərin sayında 700 faiz artımın olduğunu bildirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti