...

Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə

Cəmiyyət Materials 4 Dekabr 2020 20:49 (UTC +04:00)
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə

Bakı. Trend:

Azərbaycan şairi Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Cəbrayıl Dövlətzadəyə həsr edilmişdir...

Pəncərədən musiqi səsi gəldi, deməli yeni bir gonağım olacaq...

- Salam, Cəbrayıl.

- Salam.

- Bilirəm gitara çalan deyilsən, amma yaxşı alınır.

- Hə, çoxdandır ki, çalmırdım. Bunu mənə atam hədiyyə edib.

- Atanla danışmışam...

- Nə deyir? Necədir?

- Necə olacaq? Səninlə fəxr edir, amma kədərini gizlədə bilmir...

- Bilirsiniz, mən çox gözəl ailədə böyümüşəm, bir qardaşım, iki bacım var. Balacası altı yaşındadır. Atamla elə hər gün danışırdıq, mən müharibədən gabaq Cəlilabadda idim, heç atam bilmədi ki, cəbhəyə getdim...

- Demədin?

- Yox... Nə isə alınmadı... Amma o bildi...

- Necə bildi, Cəbrayıl?

- Atam namaz üstündə idi, hiss etdi. İnanmadı, ya da inanmaq istəmədi...

- İstəmədi, Cəbrayıl, istəmədi... Sadəcə bilmədi ki, oğlu şəhid olsa, o yükün altından necə çıxa bilər...

- Heyfslənirəm ki, döyüşün axırına kimi dostlarımın yanında ola bilmədim, tez aradan çıxdım (gülümsəyir).

- Dostların səndən o qədər danışırlar ki...

- Sağ olsunlar, bəzilərini gördüm, qalanlara da can sağlığı.

- Cəbrayıl, gorxmadın?

- On yeddi dənə güllədən nə qorxmaq (gülür), daha ondan başga adamın başına nə gələ bilər ki? Bilirsiniz, mən belə mühitdə böyümüşəm. Babam vaxtılə Spartakın çempionu olub, sonra da boks müəllimi. Mən də boksa sevgini ondan götürdüm.

- İdmanı sevirdin deyəsən?

- Bəs necə! Elə cüdoya da gedirdim. Mən özümü döyüşçü kimi hazırlaşdırırdım həmişə. Vətən sağ olsun!

- Cəbrayıl, atan mənə bir balaca əhvalat danışdı, onu səninlə bolüşmək istəyirəm.

- Buyurun.

- Bir gün Məhəmməd Peyğəmbərə (s.a) sual verirlər ki, niyə Allah bu dünyadan ən yaxşıları götürür? Peyğəmbər (s.a) də deyir ki, get ağacdan bir budağ sındır gətir mənə. İnsan gedir bir budağ sındırır gətirir və Peyğəmbər (s.a) ondan soruşur ki, niyə məhz bunu gətirdin. İnsan isə ən gözəl budağı peyğəmbərinə gətirməyə layıq bilib. Ona görə Allah da ən yaxşıları seçir...

- Atam elə əhvatları sevərdi...

- Sən gulaq asırdın?

- Hərdən (gülür), axı mən cavan idim.

- Cəbrayıl, urəyindəkiləri bölüşmək istərdin?

- O qədər var ki... Ailəm üçün darıxacağam... Amma onların kədərini görmək istəməzdim. Və... atama zəng edib deyərdim ki, ay Ata, nə yaxşı ki, sən mənim atamsan...

Cəbrayılın əlindəki gitaradan gözəl bir musiqi səslənirdi, sanki müharibə sadəcə pis yuxuda ola bilər...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti