...

Vəziyyət idarə olunmaz səviyyəyə yaxınlaşmaqdadır - Komitə sədri

Cəmiyyət Materials 8 Dekabr 2020 11:09 (UTC +04:00)
Vəziyyət idarə olunmaz səviyyəyə yaxınlaşmaqdadır - Komitə sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirusla mübarizə dövlətin daxili siyasətinin ən prioritet istiqamətidir. Cənab Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq COVİD-19-la mübarizənin təşkilini təmin etmək üçün Baş nazirin rəhbərliyi ilə Operativ Qərargah yaradılmış, 10 istiqamətdə tədbirlər planı həyata keçirilməkdədir. Bu məqsədlə dövlət büdcəsindən 2,5 milyard manatdan çox vəsait xərclənib.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, pandemiyanın tibbi, iqtisadi, sosial, psixoloji fəsadlarının aradan qaldırılması üçün məqsədyönlü iş aparılır: “Ölkənin 46 kilinikası, o cümlədən 15 yeni modul xəstəxana bu işə cəlb edilib, 40 laboratoriyada hər gün 18-20 min koronavirus testi aparılır. Qoruyucu vasitələrlə özümüzü tam təmin edən səviyyədə tibb ləvazimatlarının istehsalı təşkil olunub. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Covid-19-la mübarizədə nümunəvi ölkə kimi qiymətləndirilib.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin dekabrın 4- də BMT- nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi də tarixi hadisədir və ölkəmizin bu bəşəri bəla ilə mübarizədə yerinin və rolunun göstəricisidir”.

Komitə sədri vurğulayıb ki, təəssüf ki, payız-qış mövsümünun gəlməsi və havaların soyuması ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən də, ölkəmizdə koronavirusun yeni dalğası sürətlə yayılmaqdadır:

“Yoluxanların gündəlik sayı 4 mindən yuxarıdır, başqa sözlə, hər 5 nəfər testdən keçən şəxsin birində pozitiv nəticə aşkar olunur. Hələ bu qədər də neqativ nəticə ilə koronavirusun klinik simptomları olan xəstələri və simptomsuz yoluxanları göz önünə gətirsək, görülən tədbirlərə rəğmən vəziyyətin nə qədər ciddi olduğunu söyləyə bilərik.

Müşahidəmiz göstərir ki, bu günlərdə əsas ağırlıq təcili yardım xidmətinin və koronavirusla mübarizə üçün ayrılmış klinikaların üzərinə düşür. Son günlər isə, bu sahədə vəziyyət idarə olunmaz səviyyəyə yaxınlaşmaqdadır.

Bütün gücləri birləşdirməyin, həyacan təbilini daha bərkdən çalmağın vaxtıdır.

Belə bir vəziyyətdə hesab edirəm ki, səhiyyə xidməti bir mərkəzdən idarə olunmalı, yaxud Səhiyyə Nazirliyi, Tibbi Sığorta Agentliyi və TƏBİB - in fəaliyyəti Nazirlər Kabineti səviyyəsində dəqiq koordinasiya olunmalıdır.

Stasionar müalicəyə ehtiyacı olanlar və evdə müalicəyə cəlb olunanlar ciddi çeşidlənməlidir. Bu gün artıq xəstəxanalarda yer yoxdur, elə xəstələr var ki, onların həyatı zamanında göstəriləcək tibbi yardımdan asılıdır.

Evdə müalicə üçün nəzərdə tutulan dərmanların çeşidi artırılmalı, antiviral dərmanlar bu siyahıya əlavə olunmalıdır. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondundan lazımi vəsait ayırmaq olar. Dərman dəstlərinin xəstələrə çatdırılması üçün hər rayonda könüllülərdən ibarət qruplar yaradıla bilər.

Antiviral dərmanların ölkəyə gətirilməsi stimullaşdırlmalı, hər bir topdansatış dərman şirkətinin imkan və əlaqələrindən istifadə olunmalı və apteklərdə satışına icazə verilməlidir. Bu bir tərəfdən dərman möhtəkirliyinin qarşısını alar, dərmanların qiyməti aşağı düşər, digər tərəfdən imkanı olanlar evdə müalicəsi üçün dərmanlarını özü alar, dövlət isə imkansız şəxslərin evdə müalicəsinə diqqəti artırmaq imkanı qazanar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti