Bakı. Trend:
44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Haqqında bəhs edəcəyimiz həmin igidlərdən biri də oktyabr ayının 2-də Füzuli rayonunun Alxanlı kəndinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Muxtar Qasımlıdır. 23 fevral 1993-cü ildə Bakıda dünyaya göz açan Muxtar fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik xidmətinin əməkdaşı idi. İdmançı kimi karyerasında bir sıra uğurlara imza atan Muxtar Cəmiyyətdəki fəaliyyətində də seçilən, xüsusi xidmətləri ilə fərqlənən işçilərdən idi.
Təbiətən mülayim, xoşrəftar, qayğıkeş, sadə və səmimi bir insan olan Muxtar Qasımlı düşmən təxribatları başlayan ilk günlərdən etibarən heç bir tərəddüd etmədən cəbhəyə yollanmışdı. O, qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəklilərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşdu. Hücum əməliyyatında yaralanmasına baxmayaraq, döyüşə davam edib qəhrəmancasına şəhadət zirvəsinə yüksəldi.
Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Muxtarın da ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
“AzerGold” QSC-nin daha bir əməkdaşı, Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi Rauf Əsgərov da Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazmış igid oğullarımızdandır. Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. 1985-1996-cı illərdə Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbdə, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb. Rauf Əsgərov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Rauf hələ 2020-ci ilin iyul hadisələrində - düşmənin təxribatı ilə başlayan Tovuz döyüşlərində könüllü olaraq iştirak etmək üçün müraciət etmişdi. Vətən müharibəsində ehtiyatda olan zabit kimi orduya çağırılan Rauf Əsgərov Füzuli rayonunun kəndlərinin azad olunması yolunda gedən qanlı döyüşlərdə öz bölməsi ilə bərabər iştirak edib. Baş leytenant oktyabrın 26-da Mərdinli kəndinin düşməndən azad edilməsi uğrundakı döyüşlər zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub.
Rauf həm doğma kollektivi, həm də əhatəsində olan bütün insanlar tərəfindən xeyirxahlığı və nəcib keyfiyyətləri ilə hörmət qazanmışdı. Sözübütöv, sədaqətli olduğu qədər də səxavətli və vətəncanlı olan şəhid baş leytenatın üç övladı yadigar qalıb. Onlar da öz atalarının şücaət və qəhrəmanlıqları ilə qürur duyurlar.
Əlbəttə, bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin payı əvəzsizdir. Vətən müharibəsində iştirak edən və təcavüzkar düşmənə qarşı döyüşən əməkdaşlarımız Sehran Əliyev, Tələt Tağıyev, Şahin Ağacanov, Elmir Verdiyev, Sərxan Abbasov, Ruslan Muradov, eləcə də bu mübarizədə qəhrəmancasına şəhid olmuş Muxtar və Raufla fəxr edirik. Onların və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan digər şəhidlərimizin qanı yerdə qalmadı. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onları daim xoş xatirələrlə anacaq, heç vaxt unutmayacağıq.
Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu. Qələbə ruhumuz müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və daim yaşayacaq!