...

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar

Cəmiyyət Materials 19 Yanvar 2021 18:24 (UTC +04:00)
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar

Bakı. Trend:

20 Yanvar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan gün kimi tariximizə həkk olunub. 31 il bundan əvvəl, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 nəfər amansızcasına qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib.

Faciənin sabahı günü, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılmasını tələb edən bəyanatla çıxış eib. Bu bəyanat 20 Yanvar hadisələrinə tarixdə ilk hüquqi-siyasi qiymət olub. 1993-cü ilin iyununda xalqın iradəsi ilə respublika rəhbərliyinə qayıtdıqdan sonra da ulu öndər Heydər Əliyev bu məsələni daim xüsusi diqqətdə saxlayıb. Onun tapşırığı ilə 1994-cü il martın 29-da qəbul olunmuş Qərarla 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Respublika rəhbərliyinə qayıdandan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət edən Ulu öndərin göstərişi ilə şəhid məzarlarının üstü götürülərək, burada memorial kompleks ucaldılıb, 20 Yanvar günü Ümumxalq hüzn günü elan olunub, “20 Yanvar şəhidi” fəxri adı təsis edilib və 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi işlərinə başlanılıb.
Bu istiqamətdə tədbirlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının tapşırığı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulub, 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi yaradılıb, şəhid ailələrinin, əlilliyi olan şəxslərin sosial müdafiəsi tədbirləri ildən-ilə gücləndirilib.
Hazırda 20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 274 nəfər Prezidentin aylıq təqaüdləri ilə təmin olunur.

Dövlət başçısının Fərmanı ilə bu təqaüdlər cari ilin əvvəlindən növbəti dəfə artırılaraq şəhid ailələri üçün 300 manatdan 500 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb.

Bu təqaüdlə yanaşı, onların pensiya, yaxud müavinətlə təminatı da həyata keçirilir, şəhid ailələrinin pensiyalarına əlavə hesablanıb.

Şəhid ailələrinin övladları, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların özləri və övladları təhsil haqqı ödəməkdən azad edilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar da mənzillə, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar avtomobillə təminat proqramı ilə əhatə olunublar. Həmçinin onlar reabilitasiya vasitələri, sanator-kurort müalicəsi üçün göndərişlə təmin edilir, aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir. Vergi, əmək qanunvericiliyində və s. onlar üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti