...

Baş Prokurorluqda Ermənistanın 17 muzdlu döyüşçüsü barədə axtarış elan edilib

Cəmiyyət Materials 25 Yanvar 2021 12:27 (UTC +04:00)
Baş Prokurorluqda Ermənistanın 17 muzdlu döyüşçüsü barədə axtarış elan edilib

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Trend-in məlumatına görə, kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən bildirilib ki, Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətləri həyata keçirmiş, xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarla dinc sakinin qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılmışdır.

Qeyd edilib ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti