Bakı. Samir Əli - Trend:
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir.
Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnib və ya tamamilə dağıdılıb. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan işlər sürətlə davam etməkdədir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə təmir-tikinti prossesinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.
Şəhər rəhbərinə məlumat verilib ki, qismən ziyan dəymiş 253 evin təmiri artıq başa çatıb, 893 evdə isə işlər davam etməkdədir. Bununla yanaşı 24 qəzalı evdən 10-nun tikintisi həyata keçirilir, 14 evin isə fərdi layihəsi hazırlanır.