...

Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti dəyirmi masası keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2021 12:12 (UTC +04:00)
Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti dəyirmi masası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin (DAM) təşəbbüsü, ilahiyyatçı və dinşünas ekspertlərin iştirakı ilə “İslamda Vətən sevgisi və vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dinimizin Vətən sevgisi və vətənpərvərlik, Vətən və cəmiyyət uğrunda şəhidlik mövzularına münasibəti, Vətən müharibəsi zamanı və sonra dini icmaların bu müqəddəs mübarizəmizə və onun nəticələrinin qorunmasına töhfələri, həmçinin ölkədəki mövcud dini durum müzakirə edilib. 44 günlük Vətən Müharibəsinin ildönümü günlərində keçirilmiş dəyirmi masa tədbirində DAM icraçı direktoru Natiq Rəhimov, Məşədi Dadaş məscidi təşkilati məsələlər üzrə sədr müavini Samir Pənahov, dini icma üzvü olan qazı Azad Bəxtiyarov, ilahiyyatçı yazar Mail Yaqub, ilahiyyatçı Araz Mehrəli Şiyəkəranlı, “İrfan” cəmiyyətinin üzvü Samir Qasımov, İlahiyyat İnstitutunun müəllimi Vüqar Səmədov, AMEA əməkdaşı Elnur Mustafayev, “Milli Kimlik araşdırmaları” layihəsinin aparıcı eksperti, jurnalist Kənan Rövşənoğlu, islam.az saytının əməkdaşı Nemət Məmmədov və başqaları iştirak etmişlər.

Tədbir iştirakçıları İslam dininin insanları Vətəni sevməyə, təhlükə anında onu qorumağa çağırmasının dinin vacib əməllərindən olduğunu qeyd etmiş, 44 günlük Vətən Müharibəsi gedişində ölkəmizin dindar təbəqəsinin nümayəndələrinin də cəmiyyətin digər üzvləri kimi, həm əllərində silah ön cəbhədə, həm cəbhənin könüllü təminatı üçün arxada, həm də şəhidlərin son mənzilə yola salınmasında aktiv iştirak etdiyini bildirmiş, indiyədək şəhid və qazi ailələrinə dəstək verilməsində də ön sırada olduqlarını vurğulamışlar.

Qeyd olunub ki, İslamdakı şəhidlik anlayışı Vətən müharibəsi iştirakçıları və onların ailələri üçün əsas motivasiya mənbələrindən biri olub və gələcəkdə də olacaqdır.

Eyni zamanda, dəyirmi masa iştirakçıları təəssüflə qeyd ediblər ki, son günlərdə bəzi qüvvələr bir sıra dinə aid olmayan, sırf regional siyasi prosesləri əsas gətirərək İslam dinini aşağılamağa və təhqir etməyə, bəzi hallarda isə məzhəb problemlərini qabartmağa cəhd edirlər. Tədbir iştirakçıları ölkə ictimaiyyətinə müraciət edərək bildiriblər ki, Azərbaycan dindarlarının böyük əksəriyyəti öz Vətəninə bağlı olan insanlardır; bunu Vətən Müharibəsi zamanı həm ön, həm arxa cəbhədə öz əməlləri ilə sübuta yetirmişlər, bundan sonra da Vətən üçün yarana biləcək istənilən çətinlikdə öz xalqının və ölkəsinin yanında olacaqlar. İlahiyyatçı ekspertlər bəyan etmişlər ki, Azərbaycan dindarları üzərindən siyasi oyunlar aparmaq cəhdləri yolverilməzdir.

Müzakirələr gedişində Vətən Müharibəsinin iştirakçısı olmuş dindar qazilərin döyüş xatirələri dinlənilmiş, dini icmaların xeyriyyəçilik işləri, ayrı-ayrı dindar ziyalıların müharibə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönündə fəaliyyətləri müsbət nümunə kimi qeyd edilmişdir. Bununla yanaşı, tədbir iştirakçılarından bəziləri qeyd etmişlər ki, ayrı-ayrı icmalar əllərindən gələn hər şeyi etməyə çalışsalar da, təəssüf ki mərkəzləşmiş iş zəif idi, gələcəkdə bu sahədə daha operativ və aktiv işə ehtiyac vardır.

Sonda bu silsilədən olan tədbirlərin gələcəkdə də mütəmadi olaraq, daha geniş tərkibdə keçirilməsi qərara alınmışdır. Qeyd edək ki, DAM tərəfindən belə dəyirmi masalar əvvəlki illərdə mütəmadi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti