...

AQTA Xaçmazda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb

Cəmiyyət Materials 13 Dekabr 2021 15:34 (UTC +04:00)
AQTA Xaçmazda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, Agentlik əməkdaşları Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı rayon ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi 15 məntəqə aşkar edilib. Belə ki, baytarlıq nəzarəti aparılmadan heyvan kəsiminin həyata keçirildiyi və ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Aşkar olunmuş faktlarla bağlı Agentlik əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti