Şuşa. Samir Əli -Trend:
Yanvarın 24-də Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıb.
Trend xəbər verir ki, saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şuşa Şəhər Polis şöbəsinin rəisi Səməd Məhərrəmov sərnişinləri salamlayaraq müvafiq təhlükəsizlik tədbirləri haqqında məlumat verib və qonaqlara xoş istirahət arzu edib.
Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.