Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda ali məktəblərdə qış tətilinin müddətinin 10 gün uzadılması təklif edilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, koronavirusun "Omikron" ştammına kütləvi yoluxma ölkəmizdə bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır.
""Omikron" ştammı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına gətirib çıxarır. Buna görə də "omikron" infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir.
Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük", - deyə o bildirib.
M.Quliyev bildirib ki, ali məktəblərdə qış tətili fevralın 15-də bitir. "Yeni təhsil sessiyasının başlanması "omikron" ştammı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi var. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir.
"Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaqdır.
Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimallarını nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq təklif edirəm ki, təhsil müəssisələrində qış tətiinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sesiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin", - deyə M.Quliyev əlavə edib.