...

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə imtahanın nəticələri açıqlandı

Cəmiyyət Materials 14 Fevral 2022 15:59 (UTC +04:00)
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə imtahanın nəticələri açıqlandı

Bakı. Humay Ağacanova - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13 fevral 2022-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.

Dİm-dən Trend-ə bildirilib ki, imtahan nəticələri bu gün saat 15:40-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 1650 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 26 nəfər, BA4 altqrupu üzrə 54 nəfər, BB1 altqrupu üzrə 37 nəfər, BB2 altqrupu üzrə 70 nəfər, BB3 altqrupu üzrə 135 nəfər, BB4 altqrupu üzrə 184 nəfər olmaqla, ümumilikdə 525 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün fevralın 15-dən 28-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti