...

Bəzi vətəndaşlar şəhid ailələri adından sui-istifadə edərək qanunsuz tikinti işlərinə cəhd edirlər - Abşeron RİH (FOTO)

Cəmiyyət Materials 2 Mart 2022 17:40 (UTC +04:00)
Bəzi vətəndaşlar şəhid ailələri adından sui-istifadə edərək qanunsuz tikinti işlərinə cəhd edirlər - Abşeron RİH (FOTO)

Bakı. Trend:

Şəhid ailələri, qazilər və ümumilikdə Vətən Müharibəsi iştirakçıları respublikamızın hər bir yerində olduğu kimi Abşeron rayonunda da dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu qəbildən olan insanlarla mütəmadi olaraq görüşlər keçirmiş, problemləri və qayğıları ilə maraqlanmış, onlar tərəfindən qaldırılan sosial məsələlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilmiş və lazimi dəstək göstərilmişdir. Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində RİH və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə 23 şəhid ailəsi, 31 qazi və 11 Vətən Müharibəsi iştirakçısı ilə görüş keçirilmiş, 9 şəhidin mövludu günündə məzarları ziyarət olunmuş, 4 şəhid övladının da doğum günündə iştirak edilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi qazilərinin və veteranlarının yerlərdə işlə təmin olunması məqsədi ilə rayon ərazisində faəliyyət göstərən sahibkarlarla çoxsaylı görüşlər keçirmiş, bu kateqoriyadan olan sakinlərimizin bir qisminin işə cəlb edilməsinə nail olunmuşdur. Hazırda da bu istiqamətində həyata keçirlən işlər davam etdirilməkdədir.

Bu barədə Abşeron RİH-dən Trend-ə bildirilib ki, bütün bunlara baxmayaraq, bəzi vətəndaşlar şəhid ailələri və qazilərin adından sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaqlarda, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında, eləcə də qanunla qadağan olunmuş digər ərazilərdə tikinti işləri aparmağa cəhdlər edirlər. Buna misal olaraq, son günlər Laçın rayon qeydiyyatında olan 1986-ci il təvəllüdlü Hünbətov Emin İsrəfil oğlu Vətən Müharibəsi iştirakçısı olmasından sui-istifadə edərək qanunsuz addımlarını göstərmək olar. Belə ki, E.Hünbətov Ceyranbatan qəsəbəsi ilə Sumqayıt şəhərinin sərhədində, Bakı-Quba yolunun sağ və sol tərəflərində 2 (iki) ədəd dəmir konstruksiyalı köşk quraşdıraraq ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, bir müddət əvvəl Bakı-Quba yolunun sağ tərəfində Ceyranbatan qəsəbəsinin ərazisində beynəlxalq əhəmiyyətli avtomobil yolunun mühafizə zonasında heç bir icazə sənədi olmadan qanunsuz olaraq özü üçün əlavə bir ədəd köşk də quraşdırmışdır. Beynəlxalq əhəmiyyətli yolun kənarında hər hansı köşkün quraşdırılmasının yolverilməz olduğu bildirilsə də E.Hünbətov bununla razılaşmamış, RİH əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, özünü yandırmaqla təhdid edərək qanunsuz köşkün götürülməsinə mane olmuşdur. Üstəlik, əksəriyyəti qadın olmaqla, 30-a yaxın ailə üzvünü və özünün qanunsuz əməlinə alət etdiyi eyni sayda müharibə iştirakçılarını əraziyə toplayaraq təxribat xarakterli hərəkətlər etmiş və magistral yolda avtomobillərin və vətəndaşların sərbəst hərəkətinin qarşısını almağa çalışmışdır. Onunla dəfələrlə fərdi olaraq aparılan profilaktik söhbətlər isə nəticəsiz qalmışdır.

Abşeron Rayon İcra Hakimiyəti bir daha bildirir ki, bu kimi qanunazidd halların qarşısı qətiyyətlə alınacaqdır. Eləcə də rayon ərazisində yaşayan şəhid ailələri və qazilərə bundan sonra da daimi olaraq diqqət və qayğı göstəriləcəkdir, onların müraciətlərinin və problemlərinin qanun çərçivəsində həlli istiqamətində işlər davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti