Bakı. Trend:
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq seçim meyarları və prosedurlar nəzərə alınmaqla, 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu açıq elan edilir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə sənəd qəbulu üçün
son tarix 26 iyun 2022-ci il saat 23:59 müəyyən edilib.
Sənəd qəbuluna dair müvafiq elan mətni ilə keçiddən tanış ola
bilərsiniz.
Proqrama müraciət üçün əsas şərtlərdən biri müəyyən olunmuş
universitetlərin birindən müvafiq prioritet sahə üzrə qəbul
sənədinin əldə edilməsidir.
Namizədlərin seçimi iki mərhələdə aparılacaq. İlk mərhələdə
namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron
ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib və elektron
ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə
uyğun olan namizədlərin müraciətləri dəyərləndiriləcək və müsbət
qiymətləndirilən namizədlər aidiyyəti üzrə növbəti mərhələyə
buraxılacaq. Müsahibə mərhələsi Təhsil Nazirliyi, Azərbaycan
Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə
üzrə ekspertin iştirakı ilə həyata keçiriləcək. Müsahibənin
nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar
veriləcək.
Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı
illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək
Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali
təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət
Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil
yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini
əhatə edəcək.