Bakı. Trend:
2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində yekun iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Baramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda “MDU-nun daxili nizam-intizam qaydalarına riayət
edilməsi haqqında”, “Tələbə vətənpərvərlik inkişafı sahəsində
görülən işlər haqqında”, “Karyera inkişafının təşkili haqqında” və
“2021-2022-ci tədris ilində MDU Elmi Şurasının qərarlarının icra
vəziyyəti haqqında” hesabatlar dinlənilib. Aparılan müzakirələrdən
sonra hesabatlar qəbul olunub.
Sonra, Qazi Universitetindən gələn qonaq professorlar Ercan Nurcan
Yılmaz və Cemal Yılmaz cari tədris ilində MDU-dakı fəaliyyətləri
barədə məlumat veriblər. Cari tədris ilinin sonunda fəaliyyət
müddətlərinin başa çatacağını diqqətə çatdıran professorlar qardaş
ölkənin universitetinin uğurlarında pay sahibi olmaqdan qürur
duyduqlarını bildirib və MDU kollektivi ilə bir arada çalışmaqdan
məmnunluqlarını ifadə ediblər. Qonaq professorların MDU-nun
modernləşməsi işinə verdiyi töhfələri yüksək qiymətləndirən Elmi
Şuranın üzvləri əməkdaşlığın davamlı olacağına inandıqlarını
söyləyiblər və onlara uğurlar arzulayıblar.
Daha sonra, dərs vəsaitinin nəşr olunması haqqında Elmi-Metodiki Şuranın təklifi müzakirəyə çıxarılıb və qəbul olunub.
2021/2022-ci tədris ilinin uğurla başa çatması münasibəti ilə Şura üzvlərini təbrik edən rektor cari tədris ilində universitet həyatında baş verən önəmli hadisələri diqqətə çatdırıb. Müxtəlif fəaliyyət istiqamətləri üzrə universitetdə əldə edilən nailiyyətlərdən bəhs edən Ş.Bayramov Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universitetinin iki professorunun MDU-da fəaliyyət göstərməsini, universitetdə ilk beynəlxalq elmi konfransın keçirilməsini, “TEKNOFEST Azərbaycan” festivalında uğurlu iştirakı, ilk dəfə Təhsil Nazirliyinin qrantının qazanılmasını, universitetin 8 əməkdaşının qardaş ölkədə təlim və təcrübəyə qatılmasını, yerli və xarici tərəfdaş universitetlərlə birgə beynəlxalq konfranslarda tərəfdaşlığın və təşkilatçılığın həyata keçirilməsini və ölkəmizin ən böyük transmilli şirkəti olan SOCAR ilə əməkdaşlığın əsasının qoyulmasını xüsusi olaraq vurğulayıb.
İyunun 28-də təhsil naziri Emin Əmrullayevin MDU-ya gəlişini
əldə edilən uğurların məntiqi nəticəsi kimi dəyərləndirən rektor
ziyarət çərçivəsində nazirin MDU-da Kiber Təhlükəsizlik
Laboratoriyasının açılışında, magistrantların “Poster Sessiyası”nda
və “Məzun Günü 2022” tədbirində iştirakını, yeni kampus üçün
ayrılmış əraziyə baxış keçirməsini və kollektiv üzvləri ilə
görüşünü universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib,
göstərilən diqqət və dəstəyə görə bir daha minnətdarlığını
bildirib.
Cari məsələlərə baxılması ilə davam edən iclasda növbəti tədris
ilində dərs yükünün bölünməsi, mövcud tədris-metodiki vəsaitlərin
yenilənməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, elmi
məqalələrin sayının artırılması, akademik və inzibati heyət
üzvlərinin potensialının inkişafı və digər məsələlər müzakirə
edilib.