Bakı. Trend:
“Zirə Eko Park” Mədəniyyət mərkəzinin konfrans zalında Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiya ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir”.
YAP Veteranlar şurasının üzvü, yazıçı Zahid Xəlilov vurğulayıb ki, xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrdə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun olduğunu bildirib. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da böyük nailiyyətlərə imza atacaq.
Milli Məclisin deputatı Rauf Əliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında dayanan yeni çağırışlardan bəhs edib. Bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Bu, qətiyyətli sərkərdənin “dəmir yumruğu”, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı.
Tədbirdə, həmçinin partiya veteranı İsgəndər Mustafayev və fəal gənc Rəşad Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəala fəxri fərman, partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.