Bakı. Trend:
2022-ci ildə əksər ixtisaslı həkimlərin əməkhaqları 1000 manat və bundan yüksək olub. Əlavə olaraq da həkimlər bonuslar alırlar.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zaman deyib.
O qeyd edib ki, həkimlərin maaşlarının artırılması məsələsinə baxılacaq. “Ən çox müraciət edilən məsələ əməkhaqlarının artırılması ilə bağlı olub. Bu il əməkhaqları artırılmışdı. Yenə də bu məsələyə baxılacaq. Gələcəkdə də bizim vəsaitlərimiz artırılsa, yenə əməkhaqlarının artırılması nəzərdə tutulacaq”, - deyə Z.Əliyev bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.