Bakı. Trend:
Bayram və qeyri-iş günlərində müntəzəm və qeyri-müntəzəm reyslə 35 282 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb.
Bunu bu gün Trend-ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Samir Səfərov deyib.
S.Səfərovun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin göstərişinə əsasən 6 və 9 noyabr tarixlərində əhalini nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyəti göstərib.
"Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib, xəttə buraxılan avtobusların intervalına xüsusi nəzarət olunub. 5,6,7,8 və 9 noyabr tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif şəhər və rayonlarına 1199 reyslə 35282 sərnişin daşınıb", - deyə o, qeyd edib.