Bakı. Trend:
5 dekabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu”nun rəsmi açılış mərasimi baş tutub.
Tədbirdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvü, millət vəkili Ramil Həsən, Azərbaycan
Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş
şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə
prorektoru Orxan Naqdiyev, "Davam” Gənclər Hərəkatının İdarə
Heyətinin sədri Nihad Allahyarlı, Regional Hüquqi və İqtisadi
Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və
memarlıq şöbəsinin Memarlıq sektorunun müdiri Aytac Əkbərli, Komitə
Aparatının Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin Ərazi
planlaşdırılması sektorunda baş məsləhətçi Salehə Kərimova, media
nümayəndələri, Azərbaycan və İtaliya gənc memarları və davamçılar
iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə
başlayıb, ardından Azərbaycanın ərazi bütövlüyü uğrunda canından
keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.
3-8 dekabr tarixləri aralığında davam edən layihə çərçivəsində
Azərbaycan Memarlıq və İnşaat Universitetində professor-müəllim
heyəti tərəfindən ingilis və italyan dillərində iki günlük
emalatxana çalışmaları baş tutacaq və layihənin yekunu olaraq sərgi
keçiriləcək. Sərgidə Azərbaycan və İtaliya gənc memarlarının
təxəyyülünün nəticəsində ərsəyə gələn və gələcəkdə Şuşa şəhərində
tikilməsi mümkün olan sosial obyektlərin eskizləri nümayiş
ediləcək.