Bakı. Trend:
2023-cü il aprelin 18-də Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin (QHTDA) dəstəyi ilə həyata keçirilən “Cəbhədən cəmiyyətə” müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri layihəsi çərçivəsində “Mən Vətənəm” kitabının təqdimat mərasimi keçirilib.
MDU-dan Trend-ə bildirilib ki, təqdimatda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.
Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respbulikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov,
DGTYB-nin başqanı, şair-publisist İntiqam Yaşar, Birliyin
üzvlərindən Elşən Əzim və Elməddin Nicat, Vətən müharibəsi
iştirakçısı olmuş şairlər Həsən Kür və Eyvaz Əyyub çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində iştirak etmiş yazarların
şeir və hekayələrindən ibarət kitabın gənclərə vətənpərvərlik
tərbiyəsinin aşılanması baxımından önəmi diqqətə çatdırılıb və
layihə barədə ətraflı məlumat verilib.
Sonra, MDU-nun Təhsil fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi” ixtisasının III kurs tələblərinin ifasında kitabdan
şeir parçaları səsləndirilib.
Müzakirələrlə davam edən kitab təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.