...

ADNSU, "Innovation Management and TRIZ Institute" və Turnitin Şirkəti arasında üçtərəfli memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 31 May 2023 18:01 (UTC +04:00)
ADNSU, "Innovation Management and TRIZ Institute" və Turnitin Şirkəti arasında üçtərəfli memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Süni İntellekt Dövründə Akademik Dürüstlüyün Qorunması” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda açılış nitqi ilə çıxış edən rektor, professor Mustafa Babanlı qonaqları salamlayaraq akademik dürüstlük və antiplagiatın müasir dövrdə önəmindən danışıb. Rektor Mustafa Babanlı həmçinin universitetlərdə və elmi müəssisələrdə akademik dürüstlüyün əhəmiyyəti haqqında məlumatlılığı artırmaq və Turnitin proqramının istifadəsini təşviq etmək üçün birgə iş aparılmasının önəmini qeyd edib.

Innovation Management and TRIZ Institute-un İdarə Heyətinin sədri, professor Ali B.Kutvan, Təhsildə Keyfiyyətin Təminatı Agentliyin İdarə Heyətinin sədri, dosent Ülkər Səttarova və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi Firuzə Mayılova birgə marketinq fəaliyyətləri, o cümlədən, Turnitin həllərinin təşviqi, akademik dürüstlüyün təşviq edilməsi və Azərbaycanın təhsil müəssisələrində akademik pozuntuların bütün formalarının aradan qaldırılması istiqamətində görülməsi nəzərdə tutulan işlərdən danışıblar. Yaradıcı və analitik düşüncəyə malik kadrların hazırlanmasında, həmçinin orijinal düşüncənin inkişaf etdirilməsində akademik dürüstlük proqramının mühüm bir platforma kimi xüsusi əhəmiyyəti qeyd edilib. Konfransda həmçinin təhsil mühitinin yaxşılaşdırılması, plagiatın qarşısının alınması, Azərbaycanın təhsil müəssisələrində tələbələr və tədqiqatçılar arasında dürüstlük, orijinallıq və tənqidi düşüncə mədəniyyətinin təbliği məsələləri müzakirə olunub.

Sonra ADNSU, Innovation Management and TRIZ Institute və Turnitin Şirkəti arasında üçtərəfli memorandum imzalanıb.

Konfransda Turnitin Şirkətinin Nümayəndəsi Katya Levchenko, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, dosent Elmina Kazımzadə, Turnitin Şirkətinin Nümayəndəsi Dritan Manaj və ADA Universitetinin təhsil fakültəsinin dekanı, B.ü.f.d Ülviyyə Mikayılova məruzələrlə çıxış ediblər. Məruzələrdə plagiatla mübarizə ilə bağlı tələblər, faktlara əsaslanan mövcud problemlər və bu halların qarşısının alınması yönündə görülə biləcək işlər yer alıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti