...

Məcnun Məmmədov Göygöldə vətəndaşlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 20 İyun 2023 15:32 (UTC +04:00)
Məcnun Məmmədov Göygöldə vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 20-də Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirlikdən Trend-ə bildirilib ki, qəbuldan öncə nazir Məcnun Məmmədov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.

Daha sonra nazir Göygöl DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub, bölgədə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəzlənib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir Məcnun Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti