...

Ordumuzun qazandığı uğurların təməlində Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti dayanır - Polkovnik

Cəmiyyət Materials 26 İyun 2023 15:58 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Silahlı Qüvvələrimizin yaranmasından 105 il ötür. Azərbaycan Ordusu bu müddətdə bir çox böyük uğurlar, tarixi zəfərlər əldə edib. Lakin bu qələbələrin ən böyüyü 44 günlük Vətən müharibəsində qazanılan Qələbədir”.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, ordumuz İkinci Qarabağ müharibəsində bütün anti-Azərbaycan qüvvələr üzərində parlaq Qələbə qazanıb, nəticədə regionda yeni hərbi-siyasi reallıq formalaşıb. “2020-ci il sentyabr 27-də başlayan və noyabrın 10-da başa çatan bu müharibə ilə Azərbaycan, sadəcə, erməni faşizmini, onların havadarlarını məğlub etmədi, həm də tarixi ədaləti, dövlətimizin başçısının dediyi kimi, milli qürurunu bərpa etdi. Otuz il düşmən tapdağı altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bu Qələbə xalqın inamını özünə qaytardı, bütün dünyaya sübut etdi ki, Azərbaycan Ordusu güclü və məğlubedilməzdir”, - deyə o vurğulayıb.

Cəlil Xəlilov deyib ki, dahi şəxsiyyət Heydər Əliyevin vaxtilə əsasını qoyduğu nizami ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. “Müasir müstəqil Azərbaycanda nizami ordu quruculuğu ilə bağlı ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi. Beləliklə, ölkədə vahid komandanlığa tabe olan silahlı qüvvələr formalaşdırıldı. Ordunun peşəkar kadrlarla komplekləşdirilməsi, texniki təchizatının yaxşılaşdırılması və digər istiqamətlərdə ciddi qərarlar qəbul edildi. Ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə miqyas və mahiyyət etibarilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısının müasir ordu quruculuğu istiqamətində həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən qüdrətli orduları sırasına yüksəltdi”, - deyə polkovnik qeyd edib.

Respublika Veteranları Təşkilatının sədr müavinin sözlərinə görə, Vətən müharibəsindən sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin daha da güclənməsi istiqamətində sistemli addımlar atılmaqda, mühüm yeniliklər həyata keçirilməkdədir. İstər onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində görülən işlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiqləyir.

“Azərbaycan Ordusunun müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havada zərərsizləşdirilməsində uğurla istifadə olunub. Məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər havada vurulub. Nəticədə, sadəcə, artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilib.

Azərbaycan Ordusu postmüharibə dövründə də hərbi-texniki təchizat baxımından liderliyini qoruyub saxlayır. Ordumuz üçün yeni Komando birlikləri yaradılır, uzaqmənzilli raketlər, müasir PUA-lar alınır. Ordumuzun döyüş qabiliyyətinin artırılması yönündə atılan addımlar ölkəmizin müdafiə qabiliyyətini də gücləndirir. Dövlətimizin başçısı iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissəsinin açılışında bildirdi ki, hazırki Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibəsində tarixi zəfər qazanmış ordumuzdan daha güclüdür. Bundan başqa, Ali Baş Komandan yeni PUA-ların, uzaqmənzilli raketlərin alındığına da diqqəti çəkdi, komando birliklərinin əhəmiyyətinə toxundu. Bütün bunlar onu göstərir ki, Ordumuzun inkişafı tarixində mahiyyət etibarilə yeni mərhələ başlayıb. Bu mərhələ ordumuzun gücünün artması, müdafiə qabiliyyətimizin daha da yüksəlməsi ilə müşahidə olunmaqdadır. Bütün bunlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun qətiyyətinə, cəsarətinə, dəmir iradəsinə borcluyuq”, – deyə polkovnik vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti