Ağdam. Trend:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Bbynəlxalq forumun iştirakçıları Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində minadan təmizlənmiş əraziyə baxış keçiriblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bir neçə ölkədən 15 ekspertin və yerli QHT nümayəndələrinin iştirak etdiyi səfərdə, forum iştirakçılarına minatəmizləmə işləri ilə bağlı məlumat verilib.
Onlar Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi haqqında məlumatlandırılıb.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb. Forum iştirakçıları əvvəlcə Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ağdam Şəhidlər xiyabanı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımı və Birinci Qarabağ müharibəsində şəhid olan hərbi və mülki şəhidlərimiz burada dəfn olunub. Daha sonra forum iştirakçılarının minadan təmizlənmiş əraziyə baxışı nəzərdə tutulur.