...

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyul 2024 14:14 (UTC +04:00)
ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilib.

Trend xəbər verir ki, “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” şüarı altında keçirilən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.

İki gün davam edən konfransın açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal iştirakçıları salamlayıb.

Qeyd edilib ki, konfransın əsas məqsədi həm fərdi, həm də ictimai rifaha əsaslanan formal və ya ömürboyu öyrənmə təhsil səviyyəsində bərabərsizliyi aradan qaldıran, o cümlədən bərabərliyi və ədaləti təşviq edən siyasət, eləcə də paradiqmaların yaradılmasını tövsiyə edə bilən elmi araşdırmaların və tədqiqatların dəyərləndirilməsidir.

Konfransın ilk günü Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Təhsildə bərabərsizliyi aradan qaldırmağa yönəli keçmişə və gələcəyə əsaslanan yanaşma” mövzusundakı əsas çıxışı işə başlayıb. Daha sonra Vaterloo Universitetinin Riyaziyyat, Biznes və Mühasibat Proqramlarının direktoru İlham Axundovun “Sabahın təhsilini formalaşdırmaq: bərabərlik, məlumat savadlılığı, koqnitiv yük və süni intellekt” mövzusunda əsas çıxışı iştirakçıların diqqətinə çatdırılıb.

Müxtəlif təhsil müəssisələrindən nümayəndələrin iştirakı ilə keçirilən panel müzakirələr bir çox aktual mövzunu əhatə edib. İlk olaraq “Tədrisin təşkilində müxtəlifliklər (Kənd və Şəhər, Dövlət və Özəl, Tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili)” mövzusunda prorektor Vəfa Kazdalın moderatorluğu ilə panel müzakirə keçirilib. “Təhsilverənlərin şəhər və regionlar üzrə bölünməsi" mövzusuna həsr olunan ikinci panel müzakirə Elm və Təhsil Nazirliyində Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsini müdiri Vəfa Yaqublunun moderatorluğu ilə baş tutub.

Konfransın ikinci günü “Regional İnkişaf” İctimai Birliyi tərəfindən konfransa cəlb edilən inklüziv təhsil üzrə mütəxəssis, Yenilikçi Müəllim Mərkəzinin sədri Kayahan Karlının əsas çıxışı ilə başlayıb. Çıxış “Universal Dizayn, İnklüziv Təhsildə Aparıcı Yanaşma” mövzusuna həsr olunub. “İnklüzivlik və yaxud eksklüzivlik” “Müəllim Hazırlığında Müasir Təhsil Proqramları və Yanaşmalar” mövzusunda keçirilən panel müzakirəyə ADA Universitetinin müəllimi Elnur Eyvazov moderatorluq edib.

Bakı Dövlət Universitetinin nümayəndəsi Elmina Kazimzadənin moderatorluğu ilə baş tutan növbəti panel müzakirə “Sosial-İqtisadi Vəziyyətlə Əlaqədar Bərabərsizlik: Özəl Repititorluq” mövzusunda olub.

“Təhsildə bərabərsizliyin tədqiqi: Əsas məsələlər, metodoloji yanaşmalar və təhsildə bərabərsizlikləri müəyyən edən faktorlar” başlığı altında keçirilən üçüncü panel müzakirəyə ADA Universitetindən Abbas Abbasov moderatorluq edib. Konfransın son panel müzakirəsi “Təhsildə Bərabərsizlik: Təhsil Siyasətinin Perspektivləri” mövzusunda olub və ADA Universiteti Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılovanın moderatorluğu ilə baş tutub. Çıxışlardan sonra konfrans öz işini paralel sessiyalar ilə davam etdirib.

Qeyd edək ki, konfransdan öncə ADA Universitetinin və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri tərəfindən iştirakçılar üçün müxtəlif sessiyalar keçirilib. İki gün ərzində isə təhsildə ədalət və bərabərlik sahəsindəki qeyri-müəyyənlikləri, ziddiyyətli məqamları araşdıran elmi tədqiqatlar iştirakçıların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti