Bakı. Trend:
Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir,
Trend TurkicWorld-a istinadən
xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan idarə heyətinin sədri
Rəşad Cabirli Azərbaycan Standartlaşdırma İnstitunun rəhbəri İlham
Bayramov və bərabərindəki heyətlə görüşü zamanı bildirib.
“Görüş zamanı geniş fikir mübadiləsi aparıldı, təqdimatlar
dinlənildi, əməkdaşlıq perspektivlərini müzakirə etdik. Qeyri qida
sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün
təkliflərimizi dilə gətirdik. Qida sahəsində olduğu kimi qeyri qida
sektorunda da təkmilləşdirilmənin aparılması xüsusi əhəmiyyət kəsb
edir. Qeyri qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir.
Xüsusilə öllkəmizə idxal olunan məhsulların standartın tələblərinə
uyğunluğuna nəzarətin demək olar ki, olmamasının təhlükəsizlik
baxımından təhdid olduğu qənaətindəyik. Bu isə öz növbəsində sağlam
rəqabət mühitin formalaşmasına da ciddi təsir edir. Eyni zamanda
itehlakçılar arasında standartlaşma ilə bağlı maarifliliyin
artırılması istiqamətində bəzi addımlar atılması gərəkdiyini
düşünürük. Ötən il dövlət başçısı tərəfindən təsdiq olunmuş “Milli
standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”
bu istiqamətdə aidiyyatı dövlət qurumlarımızın qarşısında duran
önəmli bir məsələ olduğunu göstərir.”-deyə Cabirli “X” sosial
şəbəkəsində yazıb.
Cabirli qeyd edib ki, Azərbaycan Milli Standartlaşma İnstitutu ötən
2 il ərzində ciddi məsafələr qət edib.
“İnanırıq ki, qısa zamanda qeyri-qida sektorunda da
standartlaşmanınn təkmilləşdirilməsi baxımından müsbət
dinamikaların şahidi olacıq. Azərbaycan Milli Standartlaşma
İnstitutunun rəhbəri İlham müəllimə və bərabərindəki heyətə
təşəbbüslərindən və ziyarətlərindən dolayı təşəkkür edirik. MÜSİAD
Azərbaycan olaraq bizlər də bu proseslərdə fəal iştirak etməyə,
beynəlxalq təcrübəmizi paylaşmağa, əlimizdən gələn dəstəyi verməyə
hazırıq”-deyə Cabirli əlavə edib.