Bakı. Trend:
Döyüş yoldaşları Mübarizin necə itkin düşməsi barədə bizə məlumat verib. Onlar bildirir ki, Mübariz yaralanan yoldaşını götürmək üçün geri dönüb. Lakin geri dönmədi.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şəhid Mübariz Məmmədovun qardaşı Qabil Məmmədov deyib.
O qeyd edib ki, döyüş yoldaşları geri qayıdıb lakin onu tapmayıb.
"Onu nə qədər axtarsaq da tapa bilmədik. İllərlə ondan xəbər gözlədik. Bu gün isə bizim üçün çox qəhərli və ağır gündür. Lakin digər tərəfdən çox qürurluyuq ki, o sona qədər döyüşüb, yoldaşlarını geridə qoymayıb, onlara yardım edib. Azərbaycanın belə igid oğulları var. Vətənimizin azadlığı, suverenliyi bizim üçün çox vacibdir", - deyə o bildirib.
Qeyd edək ki, bu gün 1-ci Qarabağ müharibəsində itkin düşmüş və eyniləşdirilmiş şəhid Məmmədov Mübariz İlyas oğlunun nəşinin qalıqları dəfn olunub. Şəhid Mübariz Məmmədov Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Xatırladaq ki, şəhid Mübariz Məmmədov 13.08.1966-cı il tarixdə Tovuz şəhərində doğulub, 29.09.1992-ci il tarixdə Ağdam şəhəri Sırxavənd kəndində itkin düşüb.