...

Ermənistanın müharibə cinayətləri beynəlxalq platformalarda ifşa olunur

Cəmiyyət Materials 2 Dekabr 2024 16:48 (UTC +04:00)
Ermənistanın müharibə cinayətləri beynəlxalq platformalarda ifşa olunur

Bakı. Trend:

Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyasının əsas hədəflərindən biri də Ermənistanın müxtəlif beynəlxalq platformalarda ifşası, müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Rəsmi İrəvanın və havadarlarının qarayaxma kampaniyasının qarşısının alınması, yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə izah olunması istiqamətində ardıcıl, sistemli və qətiyyətli siyasət yürüdülür.

Bu istiqamətdə mühüm addımlardan biri də Ermənistanın ağır müharibə cinayətləri ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət olunması, beynəlxalq platformalarda ifşa edilməsidir. Rəsmi Bakı noyabrın 19-da Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib. XİN-nin məlumatına əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib.

Sənəddə qeyd olunur ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı ölkəmizin bu ərazilərdə öz enerji resurslarına çıxışına, onların inkişaf etdirməsinə mane olub. Qarşı tərəfin onilliklər ərzində Azərbaycanın bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına mane olmasını xüsusi qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenerji mənbələri, habelə digər resurslar daxildir.

Ermənistanın dağ-mədən sənayesi bu gün də Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bu faktlar göstərir ki, Ermənistanın qanunsuz fəaliyyəti təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib.

Xatırlataq ki, COP29 çərçivəsində Ermənistanın mina terrorunun fəsadlarının xüsusi qabardılması da ölkəmizin üzləşdiyi problemin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olub. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, strateji əhəmiyyətli yüksəklikləri minalayıb. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının məlumatına əsasən, Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.

Ermənistanın minaladığı ərazilərin tam və dəqiq xəritələrini hələ də Azərbaycana verməməsi bu ölkənin beynəlxalq hüquqa zidd mövqe tutduğunu təsdiqləyir. Qarşı tərəfin qanunsuz addımları Azərbaycanda və regionda ekoloji tarazlığı pozmaqla yanaşı, insanların dinc və təhlükəsizlik şəraitdə yaşamalarına, doğma yurdlarına daha tez zamanda dönmələrinə, infrastrukturun sürətli bərpasına mane olur.

Beynəlxalq məhkəmələrlə yanaşı, ölkəmiz müxtəlif təşkilatlar çərçivəsində də fəal iş aparır, Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinini diqqətinə çatdırır. Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirməkdən boyun qaçırması ilə əlaqədar beynəlxalq təşkilatlara edilən müraciətlər səmərəsini verir. Ölkəmizin bununla bağlı təqdim etdiyi “İtkin düşmüş şəxslər” adlı qətnamənin 2024-cü il 15 noyabr tarixində BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən qəbulu bu baxımdan xüsusi qeyd edilməlidir. Qətnamədə insanların itkin düşməsinin onların ailələrinin ağır iztirablarına və insan haqları pozuntularına səbəb olması vurğulanır. Qətnamə dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, itkin düşmə səbəblərini düzgün şəkildə araşdırmaq və itkinlərin taleyini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırmaqla yanaşı, itkin ailələrinə dəstəyin verilməsi və onlarla əməkdaşlıq kimi vacib məqamlara toxunulur.

Qətnamənin dəstəkləyən ölkələr bu həqiqəti qəbul ediblər ki, Ermənistan silahlı qüvvələrinin və terrorçu birləşmələrinin Birinci Qarabağ müharibəsində ərazilərimizin işğalı zamanı əsas hədəfi məhz dinc insanlar – mülki əhali olub. Ermənistan 90-cı illərin əvvəlində əsir və girov götürdüyü ölkə vətəndaşlarından 1480 nəfərini azad etsə də, digər əsirlərin taleyi ilə bağlı məlumatları gizlədib. Qarşı tərəfin bunda məqsədi yol verdiyi müharibə cinayətlərini gizlətmək, beynəlxalq ictimaiyyətin qınaqlarından yayınmaqdır. Halbuki, İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə isə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, kütləvi məzarlıqların yerinin bildirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, etimad quruculuğu və barışıq baxımından vacib addımlar olardı.

İşğalın səbəb olduğu itkinlər mövzusunun son 3 ildə aparılan danışıqlar prosesinin gündəliyində yer alması Ermənistan silahlı qüvvələrinin törətdiyi insanlıq əleyhinə cinayətlərin araşdırılması istiqamətində əməli addımların atılmamasının nəticəsidir.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti