Bakı. Trend
Konyalı Sənayeçi və İş Adamları Dərnəyinin (KONSİAD) prezidenti Kemal Çelikin rəhbərliyi altında Azərbaycana işgüzar səfər edən nümayəndə heyəti, MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.
Trend xəbər verir ki, görüş zamanı ilk olaraq, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyəti, əsas strateji hədəfləri və həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
O, Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin 2021-ci ildə,iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsindən sonra, başda iqtisadiyyat sahəsi olmaqla, bütün sahələrdə daha da möhkəmləndiyini vurğulayıb.
Sədr bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı illik ticarət həcmini 15 milyard dollara çatdırmağı əsas hədəf kimi müəyyənləşdiriblər.
Bu məqsədə töhfə vermək üçün MÜSİAD Azərbaycan qardaşlıq ruhunu ortaqlıq mədəniyyəti ilə birləşdirərək fəal şəkildə çalışır.
Rəşad Cabirli Azərbaycanın geniş logistika imkanlarından bəhs edərək, ölkənin yalnız 10 milyonluq bir bazar kimi deyil, eyni zamanda 250 milyona yaxın əhalisi olan böyük bir coğrafiyaya gömrüksüz çıxış üçün strateji bir qapı kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, o, Azərbaycanda müxtəlif sektorlara verilən dövlət dəstəkləri və təşviqlər, Qarabağda həyata keçirilən iri miqyaslı layihələr, ölkədə iş qurmağın üstünlükləri və dövlətin sahibkarlığa yönəlmiş dəstək siyasəti barədə də ətraflı məlumat verib.
KONSİAD prezidenti Kemal Çelik isə qonaqpərvərliyə və faydalı məlumatlara görə təşəkkürünü bildirərək, MÜSİAD kimi köklü qeyri- hökümət təşkilatlarının türkiyəli və azərbaycanlı iş adamları arasındakı əməkdaşlığı gücləndirməkdə mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın geniş investisiya imkanları sayəsində türkiyəli iş adamları üçün prioritet hədəfə çevriləcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.
Eyni zamanda, qonaqlara Azərbaycanın Türkiyədə və xüsusilə türk iş adamları arasında tanıdılması məqsədilə nəşr edilmiş “Azərbaycana Gəlmək Üçün 101 Səbəb” adlı kitab təqdim edilib.
Bu səfər, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın yeni perspektivlərini daha da gücləndirmək istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilib.