Bakı. Trend:
Məsələyə bir qədər analitik baxmaq lazımdır. Məruzə hüquqi və qiymətləndirmə indikatorları ilə çox zəngindir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxışında deyib.
Millət vəkili bildirib ki, vətəndaş müraciətləri kateqoriyalaşdırılır, yəni hansı sahədə nə qədər problem var.
“Biz o vaxt bu məruzənin əsl mahiyyətinə uyğun hərəkət etmiş olacağıq ki, sahələr üzrə insan hüquqları problemləri ilə məşğul olan dövlət qurumları bu məruzədən nəticə çıxarsınlar. Hansı sahələrdə daha çox problemlərin olduğu təhlil edilməlidir. Buna uyğun olaraq da növbəti il necə etməliyik ki, İnsan Hüquqları üzrə Müvəkkilin məruzəsində müəyyən sahə üzrə müraciətlərin sayı daha az olsun. Əks təqdirdə, hər il belə məruzələr olacaq. Uyğun təşkilatlar, uyğun idarəetmə strukturları bununla bağlı ölçü götürməsələr, statistik göstərici kimi bir kənara qoysalar, müraciətlərin sayı daha da artacaq”, - deyə o qeyd edib.
