...

“İtkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 10 Mart 2025 09:34 (UTC +04:00)
“İtkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və İşçi qrupunun əməkdaşları, Beynəlxalq Komissiyanın yüksək ranqlı təmsilçiləri, millət vəkilləri, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri, QHT və media nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Ermənistanın təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 3 977-si Birinci Qarabağ, 6-sı isə Vətən müharibəsində itkin düşüb. İtkinlərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir. Qeyd edilib ki, 3 983 nəfərdən 3 698-i kişi, 285-i qadındır.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın katibi Qəzənfər Əhmədov çıxış edərək bildirib ki, martın 1-nə olan məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.

O bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictiqamiyyətə açıqlanıb.

"Xarici İşlər Nazirliyindən 2018-ci ilin may ayında Dövlət Komissiyasına daxil olmuş məktubda Azərbaycanın Niderlanddakı səfirliyinin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) Siyasət və Əməkdaşlıq üzrə Direktoru ilə 17 may 2018-ci il tarixdə keçirilmiş görüşündə bu qurum ilə əməkdaşlıq imkanlarının müzakirə olunması barədə məlumat verilmiş və bu əməkdaşlığın təşkilata üzvlük və ya ikitərəfli saziş əsasında həyata keçirilməsi ilə bağlı rəy bildirilməsi xahiş edilmişdir" - deyə Qəzənfər Əhmədov əlavə edib.

Eyni zamanda o qeyd edib ki, məsələ ilə bağlı Dövlət Komissiyası tərəfindən bu sahədə digər imkanların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından faydalı olacağı nəzərə alınaraq, XİN nümayəndəsinin iştirakı ilə ICMP ilə müzakirələrin aparılması məqsədəuyğun hesab edilib.

“2021-ci ildə Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyevin təşəbbüsü ilə İCMP ilə yenidən müzakirələr aparılmışdır. 2021-ci ilin noyabrında ölkəmizin Niderland Krallığındakı səfiri ilə Haaqa şəhərində keçirilmiş görüş zamanı ICMP Azərbaycanla əməkdaşlıq etməyi və bununla bağlı müvafiq sənədin imzalanmasını təklif edib.

Məsələ ilə əlaqədar olaraq, 2022-ci ilin əvvəlindən etibarən PA-nın, XİN-in, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşlarının iştirakı ilə ICMP-nin rəhbərliyi ilə bir neçə dəfə onlayn görüş keçirilmiş və müzakirələr aparılıb.

2022-ci ilin aprel ayının 4-də İCMP-nin Baş direktoru Katrin Bomberger və qurumun Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı Dövlət Komissiyası və İCMP arasında Protokol imzalanıb", - o bildirib.

Əlavə olaraq Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov vurğulayıb ki,1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşib:

"Hərbi əməliyyatlar nəticəsində 19 mindən artıq vətəndaşımız öldürülmüş və ya itkin düşmüş, 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri almışdır. 900-dən artıq yaşayış məntəqəsi tamamilə dağıdılmış, ərazilərin infrastrukturuna və ekologiyasına on milyard dollarlarla ölçülən ziyan vurulmuş, 10 min hektarlarla ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib".

O xatırladıb ki, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

“Onlardan 3 977 nəfəri XX əsrin 90-cı illərində yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər.

İtkin düşmüş 3 983 nəfərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamışlar, 116 nəfəri qadın, 315 nəfəri yaşlı insanlardır. İstintaqla sübut edilmişdir ki, 170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb”, - deyə rəis müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti