Bakı. Trend:
Martın 1-nə olan məlumata əsasən, 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanıb sistemləşdirilib. Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.
Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, 2021-ci ilin fevral ayından etibarən azad edilmiş ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb:
“Son məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanmışdır. Meyit qalıqları 3 istiqamət üzrə müəyyən olunmuşdur:
işğaldan azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 23 kütləvi məzarlıqdan 187 şəxsə;
həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 309 şəxsə;
Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 15 şəhər və rayonunun ərazisində yerləşən 23 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 192 nəfərə aid meyit qalığı ekshumasiya edilmişdir.
Bu vaxtadək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmış, ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilmişlər”.