...

Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb

Cəmiyyət Materials 14 Mart 2025 11:03 (UTC +04:00)
Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Sus kəndində Baş Plan üzrə 77 (birinci mərhələdə 73) birmərtəbəli fərdi yaşayış evləri, sonradan isə kəndin davamı olaraq Bəylik kəndi ilə birlikdə layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Ümumi ailələrin sayı 150, perspektivdə isə 160 ailənin burada məskunlaşdırılması planlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, sosial obyektlərdən 132 şagird-yerlik məktəb və 50 yerlik uşaq bağçasının layihələndirilməsi və tikintisi, eləcə də Baş Planda gəlir gətirən obyektlər (investorlar tərəfindən inşa olunması gözlənilən ticarət, iaşə, xidmət və digər obyektlər) üçün ərazilər nəzərdə tutulub. Sus kəndində fərdi yaşayış evlərinin və sosial obyektlərin işçi layihələri tam hazırlanıb, ərazidə söküntü-təmizləmə işləri başa çatdırılıb, evlərin tikintisi və şaquli planlaşdırma işləri tam həcmdə görülüb. Qəsəbədaxili su ötürücü kanalların və dağ yamacları boyunca kanalların tikintisi, təsərrüfat yollarında 600 mm-lik politelen boru ilə kanalların qurulması, su-kanalizasiya sistemi işləri, məktəb və bağçanın tikintisi başa çatdırılıb, Həkəri çayı boyunca istinad (beton) divarları çəkilib, yağış sularından mühafizə üçün istinad divarlarının tikintisi işləri 80 % icra olunub.

Bəylik kəndinin (Sus kəndi ilə birlikdə) Baş Planının Şəhərsalma əsaslandırması hazırlanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib və müsbət rəy alınaraq təsdiq edilib. Kənd üzrə evlərin (91 ev) tikintisi 93 %, klub-icma mərkəzinin tikintisi 72 %, yol yatağının tikintisi 82 %, istinad divarlarının tikintisi 67 %, ərazinin şaquli planlaşdırması 75 % icra edilib.

Cəbrayıl rayonunun Şükürbəyli kəndi üzrə (Dəjəl, Şıxalıağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə) birinci mərhələdə 635 ailə üzrə fərdi yaşayış evlərinin, 1 ədəd 360 şagird-yerlik məktəbin, 2 ədəd 80 yerlik uşaq bağçasının, həkim məntəqəsi, inzibati binanın, klub-icma mərkəzinin, musiqi məktəbinin və yanğınsöndürmə deposunun tikintisi nəzərdə tutulub. Əlavə olaraq ticarət binası, məişət evi, motel, idman-sağlamlıq mərkəzi, aptek, çörək sexi, ərzaq marketinin layihələndirilməsi və tikintisi planlaşdırılıb. Ərazidə söküntü-təmizləmə işləri, evlərin və sosial obyektlərin təməlinin qoyulması, inzibati binanın tikintisi tam başa çatdırılıb. Bundan əlavə, 526 evin və suvarma xəttinin çəkilişi 50 %, bağça və həkim məntəqəsinin tikintisi 90 %, su-kanalizasiya xətlərinin çəkilməsi 30 %, elektrik və rabitə xətlərinin çəkilməsi 35 %, məktəbin tikintisi 25 %, aptekin tikintisi 10 %, yol tikintisi 7 %, qaz və su xətlərinin çəkilməsi 20 %, kabel xətlərinin çəkilişi işləri 25 % icra olunub. Klub-icma mərkəzinin və musiqi məktəbinin tikintisinə başlanılmış və hazırda işlər davam etdirilir.

Laçın rayonunun Güləbird kəndində 581 ailəlik yeni yaşayış məntəqəsinin salınması məqsədilə birinci mərhələdə 150 fərdi evin, 432 şagird-yerlik məktəbin, 80 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, inzibati binanın, ailə sağlamlıq mərkəzinin, idman klubu, məişət evi, mərasim zalı, ərzaq marketi və ticarət binasının layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Yaşayış məntəqəsinin tikintisinə 2024-cü ilin aprel ayında başlanılıb, ərazidə söküntü-təmizləmə işləri tam başa çatdırılıb, bütün evlərin bünövrəsi qazılaraq 58 evin tikintisinə başlanılıb. Ərazidə yol yatağının açılması işləri 70 %, yolların çəkilişi və su-kanalizasiya sisteminin qurulması 40 %, evlərin, məktəb, bağça, inzibati binanın, klub-icma mərkəzinin tikintisi işləri 10 % yerinə yetirilib. Hazırda işlər davam etdirilir.

Kəlbəcər rayonunun Zar kəndində 855 ailəlik yaşayış məntəqəsinin inşası üçün birinci mərhələdə 547 fərdi evin, 528 şagird yerlik məktəbin, 100 yerlik uşaq bağçasının, mədəniyyət evi, inzibati bina, ailə sağlamlıq mərkəzinin (aptek ilə birgə), çayxana-kafe, məişət evi, mərasim zalı, ərzaq marketi və ticarət binasının layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Yaşayış məntəqəsinin tikintisinə 2024-cü ilin avqust ayında başlanılıb.

Zallar kəndində 487 ailəlik yaşayış məntəqəsinin salınması üçün birinci mərhələdə 350 fərdi evin, 264 şagird yerlik məktəb binasının, 80 yerlik uşaq bağçasının, klub-icma mərkəzi, inzibati bina, ailə sağlamlıq mərkəzinin (aptek ilə birgə), idman klubu, ərzaq marketi və ticarət binasının layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Yanşaq kəndində 421 ailəlik yaşayış məntəqəsinin inşası üçün birinci mərhələdə 218 fərdi evin, 264 şagird yerlik məktəb binasının, 80 yerlik uşaq bağçasının, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsinin (aptek ilə birgə), idman klubu, ərzaq marketi və ticarət binasının layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Kəlbəcər rayonunun hər üç yaşayış məntəqələri üzrə ərazilərdə mövcud olan dağıdılmış tikililərin söküntüsü və təmizlənməsi işləri tam başa çatdırılmış, ərazilərdə bünövrə çalalarının qazıntısına başlanılıb.

Bundan əlavə, Laçın rayonunun Zabux kəndində yağış sularından mühafizə üçün istinad divarlarının tikintisi 70 %, su ötürücü kanalların tikintisi isə 60 % həcmdə icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti