Bakı. Trend:
Biz qanunvericilikdə dəyişiklik edərək qohum nikahlarının ləğvini və istisna hal kimi nikah yaşının aşağı yaş həddinin qaldırılmasını qəbul etdik. İyul ayının birindən bu dəyişiklik qüvvəyə minir. Lakin elə faktlar olur ki, insanların çoxu bu dəyişikliyə hazır deyil. Bir il ərzində insanların çoxu qohum evliliyi ilə bağlı o son vaqona minmək üçün sürətli şəkildə evlənmə halları baş verdi. Qeyri-rəsmi nikahla bağlı da faktlar var və bu faktlar o zaman geniş ictimaiyyətə bəlli olur ki, məişət zorakılığı zəminində cinayət hadisəsi baş versin.
Trend xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatının müzakirəsi zamanı deyib.
“Bu yaxınlarda Sabirabad rayonunda gənc bir qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli bir fakt oldu. Həmin qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayıb və 16 yaşında da belə bir formada həyata vida edib. Mətbuat nümayəndələri peşəkarcasına erkən evliliklə bağlı sual verir ki, niyə belə hal baş verir. Valideynlər isə cinayətin fabulasından danışarlar ki, ailədir, ailədə hər şey ola bilər. Amma əsas məqama toxunmurlar, necə ola bilər ki, 15 yaşlı qız nikaha girib. Biz bir ildir, belə bir dəyişikliyi etmişik. Mən əminəm ki, Komitə də bununla bağlı bölgələrdə çox ciddi işlər görür. Amma şüurda inqilab deyilən bir anlayış var, o məsələlər hələ də hüquqi maaarifləndirmə ilə bağlı bizim mental dəyərlərimizdə problemlər var”, - deyə şöbə müdiri bildirib.
Adil Vəliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovaya mövzu ilə bağlı sual ünvanlayıb:
“İyulun 1-dən sonra hər hansı bir yeni mexanizm nəzərdə tutulurmu? İntensiv monitorinqlər keçirilsin və gələn il çox ciddi rəqəmlər səslənilsin ki, həmin o qəbul etdiyimiz qanunlar, necə deyərlər Milli Məclisin əziyyəti heçə gedəcəkmi və ya hər hansı effekt verəcəkmi? Əgər belə azalma tendensiyası olmasa, düşünürəm ki, növbəti dəfə Cinayət Məcəlləsində daha sərt sanksiyaların qəbul edilməsi ilə bağlı məsələyə baxmalıyıq”.
Sədaqət Qəhrəmanova isə cavabında bildirib ki, Komitə olaraq yerlərdə maarifləndirmə işləri aparılır.
“Burada əsas təsir rıçaklarımız yerlərdə gender məsul şəxslərdir. Onlarla hər il bu istiqamətdə seminarlar keçiririk. Burada qeyd olundu, biz bələdiyyələri işə cəlb etmək istəyirik. Ona görə də gender kommissiyaları yaratmışıq. Məişət zorakılığı ilə bağlı yerlərdə monitorinq qrupları fəaliyyət göstərir. Bunların nəticəsi isə hələ sualdır.
Yerli icra hakimiyyətləri də bu işdə maraqlı olmalıdır. Hər deputat bu sahədə öz seçiciləri ilə də söhbət etməlidir. Deputat olaraq mövzunu qaldırsanız, tədbirlər keçirsəniz, dəstək olarsınız. Hər il regional olaraq yaratdığımız komissiyalarla bağlı tədbirlər keçirirk, ilin sonunda hesabat alırıq. Hesabat alanda dəhşətə gəlirik. Yazır ki, rayonda məişət zorakılığı halı qeydə alınmayıb. Yəni, işləməliyik. Yerli icra hakimiyyət orqanları maraqlı olmalıdır. Necə ki, biz burda yana-yana işləyirik, onlar da bu addımı atmalıdırlar”, - deyə S.Qəhrəmanova fikrini tamamlayıb.